QAN YADDAŞI
İğdırın Məlikli qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram göstərilib VİDEO
Ankara, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Türkiyənin İğdır vilayətinin Məlikli qəsəbəsində anma mərasimi keçirilib. İğdır Azərbaycan Evi Dərnəyi, Mələkli bələdiyyəsi və Ülkü Ocaqlarının İğdır təşkilatı tərəfindən birgə təşkil olunan mərasimdə yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
İğdır Azərbaycan Evi Dərnəyindən AZƏRTAC-a verilən məlumata görə, mərasim şəhidlərimizin ruhuna duaların oxunması ilə başlanıb.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mələkli bələdiyyəsinin sədri Eray Coşar və İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxışlarında ermənilərin XX əsr boyu Azərbaycanda, eləcə də müasir Türkiyənin şərq bölgəsində törətdikləri vəhşiliklərdən danışıblar. İğdır və Qarsda tapılan müsəlmanların uyuduğu kütləvi məzarlıqlar erməni vəhşətinin amansızlığına nümunə kimi göstərilib.
Xocalı soyqırımının dəhşətlərindən danışan çıxışçılar “Unutmadıq, unutmarıq!” ifadəsi ilə əminliklə bildiriblər ki, gələcəkdə bir daha belə cinayətlərin törədilməməsi üçün hər şey olduğu kimi nəsillərə çatdırılmalıdır. Bunun üçün də dünyanın hər yerində “Xocalıya ədalət!” olmalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara