MƏDƏNİYYƏT
İki akademiya arasında birgə əməkdaşlıq barədə müqavilə imzalanıb
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası arasında birgə əməkdaşlıq barədə müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a Bakı Musiqi Akademiyasından bildirilib.
BMA-da keçirilən görüşdə müqaviləni FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli imzalayıb.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verən professor F.Bədəlbəyli vurğulayıb ki, imzalanan müqavilə ilə qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq. Qurulan hər bir əlaqə, imzalanan müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edəcək.
Görüşə görə məmnunluq duyduğunu bildirən FHN Akademiyasının rəisi, general-mayor B.Salayev Akademiyada təlim-tədris prosesinin təşkili, maddi-texniki bazasının təkmilləşdirilməsindən, müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlığından, hazırkı və gələcək hədəflərindən danışıb. Vurğulanıb ki, Akademiyada mədəni tamaşa tədbirləri zamanı müxtəlif tipli musiqi nümunələrinin ifa edilməsi, dövlət himninin, təntənəli keçid üçün nəzərdə tutulan marşların səsləndirilməsi və digər müvafiq işlərin görülməsi üçün 30 nəfərdən ibarət orkestr fəaliyyət göstərir.
Qeyd olub ki, FHN Akademiyası bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Polis Akademiyası ilə müvafiq əməkdaşlıq müqavilələri imzalayıb. İmzalanan müqavilə BMA ilə FHN Akademiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, bu əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə və davamlı olacağına öz töhfəsini verəcək.
Müqavilədə ikitərəfli yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, nəşrlərin, tədris və metodiki vəsaitlərin mübadiləsi, beynəlxalq və respublika səviyyəli elmi konfransların, simpoziumların və seminarların təşkilində birgə iştirak, hər iki ali təhsil müəssisələrinin maddi-texniki bazasından və kadr potensialından qarşılıqlı razılaşma əsasında birgə istifadə, istedadlı şəxslərə qayğı və diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulub.