CƏMİYYƏT
İki ay əvvəl ölümlə nəticələnən hadisə törədib qaçmaqda şübhəli bilinən sürücü saxlanılıb
Bakı, 25 may, AZƏRTAC
Bu ilin martında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçmaqda şübhəli bilinən sürücü daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il martın 25-də saat 21 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Kürdəmir rayonu ərazisindəki stasionar postundan Rayon Polis Şöbəsinə Karrar stansiyasının ərazisində bir nəfərin avtomobillə vurulması barədə məlumat daxil olub. Yol polisi əməkdaşları dərhal yaralını xəstəxanaya çatdırıblar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin əcnəbi vətəndaş İnayatxon Nauruzova olduğu və yolu keçərkən avtomobillə vurulduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Həkimlərin səyinə baxmayaraq, ağır bədən xəsarətləri almış qadının həyatını xilas etmək mümkün olmayıb və o, martın 30-da xəstəxanada vəfat edib.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən avtomobilin sürücüsü, Qazax rayon sakini Rauf Musayev Kürdəmir Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.