CƏMİYYƏT
“İki balaca qız” məlumatlandırma kampaniyasının təqdimatı olub
Oktyabrın 22-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Miqrasiya Təşkilatı “İki balaca qız” adlı məlumatlandırma kampaniyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) layihə rəhbəri Serkan Aktoprak çıxış edərək kampaniya barədə məlumat verib.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq insan alverinə qarşı innovativ kampaniyanın Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirilməsindən məmnunluğunu bildirib. Kampaniyanın əhəmiyyətini vurğulayan səfir insan alveri ilə mübarizədə göstərdiyi səylərə görə Azərbaycan Hökumətinə minnətdarlıq edib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov Azərbaycanda insan alverinə qarşı qətiyyətli mübarizə aparıldığını xüsusi vurğulayıb. Azərbaycanın BMT-nin müvafiq konvensiyalarına qoşulduğunu söyləyən İmran Nəcəfov son on ildə insan alverinə qarşı mübarizəyə ölkəmizdə dövlət, hökumət, eləcə də parlament səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd edib.
BMqT-nin Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Renate Held kampaniyaya dəstəyinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.
“İki balaca qız” cinsi istismar məqsədilə insan alverinə qarşı Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda nümayiş etdirilməsi nəzərdə tutulan qısa animasiya filmidir. 2009-cu ilin yanvarında start verilən kampaniya 2015-ci ilə qədər davam edəcək. Bu kampaniya Böyük Britaniyanın bir sıra aparıcı xeyriyyə təşkilatları tərəfindən dəstəklənir.
Kampaniyanın məqsədi əhalini insan alverinin riskləri və təhlükələri haqqında məlumatlandırmaqla cinsi istismar məqsədilə insan alverinə qarşı mübarizəni dəstəkləməkdir.
BMqT və Azərbaycan Qızıl Aypara Cəmiyyəti insan alveri haqqında məlumatlandırmanı daha da sürətləndirmək məqsədilə birlikdə keçirəcəkləri silsilə seminarlarda “İki balaca qız” kampaniyasının əsas mövzularını təşviq edəcək.