İQTİSADİYYAT


İki cilddən ibarət “Azərbaycan ekoturizm potensialı” kitabı çapdan çıxmışdır

Bakı, 6 iyul (AZƏRTAC). Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsinə həsr edilmişdir “Azərbaycan ekoturizm potensialı” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.

AZƏRTAC xəbər verir ki, “Şərq - Qərb” nəşriyyatında işıq üzü görmüş iki cilddən ibarət kitab Azərbaycanın ekoturizm potensialına, onun təbiəti, təbii sərvətləri və mədəni irsinə həsr edilmişdir.

Nəfis tərtibatlı, yüksək zövqlə hazırlanmış ikicildliyin həmmüəllifləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, fizika - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov, coğrafiya elmləri doktoru Mahmud Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovdur.

Hər iki cilddəki məlumatlar iqtisadi - coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilmişdir. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və.s mövzular üzrə qruplaşdırılmışdır. Təbiət abidələri bioloji, geoloji və paleontoloji təsnifat əsasında verilmişdir. Bir sıra nadir təbiət abidələri, nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilmişdir. Kitabda, həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri də öz əksini tapmışdır. Verilmiş məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilərək ən yeni və ciddi mənbələr əsasında hazırlanmışdır.

Birinci cildi 360 səhifədən ibarət “Azərbaycan ekoturizm potensialı” kitabında 864 şəkil yerləşdirilmişdir. Bu cild Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki - Zaqatala və Lənkəran-Astara iqtisadi-coğrafi bölgələrini əhatə edir.

İkinci cildi 420 səhifə olan kitabda 934 şəkil verilmişdir. Bu cilddə Kür – Araz, Yuxarı Qarabağ, Kəlbəcər – Laçın, Gəncə - Qazax, Naxçıvan iqtisadi - coğrafi bölgələri əhatə olunmuşdur.

Hər iki cildin ümumi redaktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi redaktorları isə akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri İlham Ələkbərov və Tariyel Talıbovdur.

Azərbaycan təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiyalar ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, elmi mütəxəssislər üçün dəyərli vəsait olmaqla yanaşı, turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.