MƏDƏNİYYƏT


İki göl arasında yerləşən kurort

Bakı, 15 fevral, Emil Eyyubov, AZƏRTAC

İsveçrədə, Bern Oberland regionunun lap mərkəzində yerləşən İnterlaken adlı kurort şəhəri öz təbii gözəllikləri ilə məşhurdur. Bu şəhərin adı çox şeydən xəbər verir: “İnterlaken” sözünün mənası “iki göl arasında yerləşən məkan” deməkdir. Həqiqətən, bu şəhər mənzərəli Tun və Brients göllərinin arasında, dağların əhatəsində yerləşir. Bu səbəbdən İnterlaken maraqlı istirahət guşəsi, ən müxtəlif ekskursiyaların başlanğıc nöqtəsidir. Belə ekskursiyaların ən yaddaqalanı isə qatarla Alp dağlarının Yunqfrau zirvəsinə səfərdir.

Avropa aeroportu

İnterlakenə ən yaxın aeroport İsveçrənin Bern şəhərindən 50 kilometr aralıda yerləşir. Lakin bu, həmin kurorta hava yolu ilə getməyin yeganə üsulu deyil. Biz Budapeştdən “Wizz Air” aviaşirkətinin reysi ilə Bazel-Myuluz-Frayburq aeroportuna uçduq. Bu hava limanına Avropa aeroportu da deyilir. Fransada Sen-Lui şəhərinin yaxınlığında yerləşən Bazel-Myuluz-Frayburq aeroportu dünyada yeganə hava limanıdır ki, eyni zamanda iki ölkə - həm Fransa, həm də İsveçrə tərəfindən idarə olunur. Əslində 60 kilometr aralıda yerləşən Frayburq (Almaniya) şəhəri də bu limana xidmət edir.

Aeroport şərti olaraq, Fransa və İsveçrə zonalarına bölünüb. Bütün formal proseduralar yerinə yetiriləndən sonra İsveçrəyə gedən sərnişinlər bir qapıdan, Fransaya gedənlər başqa qapıdan keçirlər.

Sonra avtobus sizi yaxınlıqdakı iri şəhərə aparacaq. Biz hava limanından 36 kilometr aralıda yerləşən Bazelə çatandan sonra orada İnterlakenə gedən qatara mindik.

Interlaken Ost və Interlaken West stansiyaları

İki saat yol gedəndən sonra Şərqi İnterlaken (Interlaken Ost) dəmiryol stansiyasına çatdıq. Ərazisinin sahəsi cəmi 4,4 kvadratkilometr, əhalisinin sayı təqribən 5750 nəfər olan bu şəhərdə iki dəmiryol stansiyası var. Qərbi İnterlaken (İnterlaken West) və Şərqi İnterlaken (İnterlaken Ost) stansiyaları arasında məsafə təqribən 2 kilometrə bərabərdir. Əlbəttə, bu stansiyalar təkcə İnterlakenə deyil, regiondakı çoxsaylı bələdiyyələrin və kəndlərin hamısına xidmət edirlər. Hər iki stansiya kiçik olsa da, burada İsveçrənin bütün iri şəhərlərinə gedən qatarlara bilet almaq mümkündür.

İctimai nəqliyyat

İsveçrədə qəbul edilmiş qaydaya görə, İnterlakendə ictimai nəqliyyat turistlər üçün pulsuzdur. Əgər oteldə qabaqcadan yer sifariş etməyinizi təsdiqləyən elektron formalı və ya kağızda çap edilmiş sənəd varsa, müvafiq nəqliyyat vasitəsinə cəsarətlə minib öz otelinizə yola düşün.

Oteldə qeydiyyat formasını doldurandan sonra sizə İnterlaken regionunun qonaq kartı təqdim ediləcək. Bu kart ictimai nəqliyyatdan pulsuz istifadə etmək hüququ və bir sıra güzəştlərdən bəhrələnmək imkanı verir. Qonaq kartının sayəsində, məsələn, velosiped icarəyə götürmək, müxtəlif ekskursiyalara, muzeylərə getmək və sair xidmətlər üçün 50 faizə qədər güzəşt əldə edirsiniz. Qonaq kartına əlavə edilən bukletdə həmin kartın verdiyi imkanlar barədə ətraflı məlumat var.

Promenad Höheweg

Bizim qaldığımız “Du Nord” oteli Şərq və Qərb vağzalları arasındakı yolun demək olar ki, ortasında yerləşir. Vağzalları birləşdirən Höheweg (Hoyeveq) küçəsi İnterlakenin əsas küçəsidir. İnterlaken sakinlərinin və şəhərin qonaqların sevimli gəzinti yeri olan bu bulvarda çoxsaylı otellər, restoranlar, butiklər, suvenir mağazaları və güllü-çiçəkli bağlar var. Hoyeveqdə turistləri gəzdirən at ekipajları da tez-tez gözə dəyir.

Höhematte parkı

Bulvarın mərkəzində yerləşən Höhematte (Höhematte) parkının çox maraqlı tarixi var. Deyilənə görə, təqribən 100 il bundan əvvəl Hoyeveq küçəsində yerləşən bəzi otellər onların qarşısındakı geniş əraziləri alıblar ki, daha orada tikinti işləri aparılmasın. Nəticədə bu gün şəhərin mərkəzində yaşıl ot örtüklü açıq bir meydan var. Buradan ətrafdakı təpələrə və dağ zirvələrinə gözəl bir mənzərə açılır. Bir sözlə, bu sövdələşmə hamının xeyrinə olub. Otellərin müştəriləri pəncərələrdən baxanda göz oxşayan panoram görür, şəhər sakinləri isə bu boş ərazidən müxtəlif məqsədlər üçün istifadə edirlər.

Məsələn, yay vaxtı həmin meydanda tez-tez paraplaneristlər əylənirlər, qışda isə parkın bir hissəsində Qış Əyləncə Mərkəzi (Top of Europe Ice Magic) fəaliyyət göstərir.

Buz meydançaları kompleksi - “Ice Magic”

Hər il dekabrın ortalarından fevralın son həftəsinə qədər İnterlakendə hissəsində Qış Əyləncə Mərkəzi (Top of Europe Ice Magic) fəaliyyət göstərir. Bu mərkəzin ən maraqlı hissəsi müxtəlif ölçülü buz meydançaları kompleksidir. Meydançaları birləşdirən dolanbac yolun uzunluğu 450 metrdir. Bir buz arenasında sürüşəndən sonra konki ilə başqa arenaya keçə bilərsiniz. Buz meydançalarının birində komanda şəklində keçirilən Bavariya körlinqi oyunu ilə də məşğul olmaq mümkündür. Onun üçün zəruri avadanlıqları elə oradaca icarəyə götürmək olar. Buz üzərində özünü inamsız hiss edənlər isə təlimatçılardan pullu dərs ala bilərlər.

Qış Əyləncə Mərkəzində müxtəlif kafe və restoranlarda ənənəvi yerli yeməklərin dadına baxmaq olar. Qış mövsümündə pendirli fondyü xüsusilə populyardır.

Matten və Unterzen

İnterlaken kiçik şəhər olduğuna görə, orada piyada ekskursiyalar daha münasibdir. Əslində bu şəhər vaxtilə müstəqil şəhərlər olmuş və ayrı-ayrı dövrlərdə hətta bir-biri ilə münaqişə aparan 3 bələdiyyə və ya kommunadan ibarətdir: İnterlaken, Matten və Unterzen. Bu gün onların arasındakı sərhədlər şərti xarakter daşıyır və bəzən, məsələn, Mattendə bu sərhədlər evlərin arasından keçir. İnterlaken ilə Unterzen arasındakı sərhəd isə Briyents gölündən başlanan və Tun gölünə tökülən Are çayıdır.

Bir sözlə, şəhərdə gəzişərkən İnterlakenin harada qurtardığını və Mattenin, yaxud Unterzenin harada başlandığını hiss etməyəcəksiniz. Formal baxımdan, onlar hamısı əhalisinin ümumi sayı 23300-ə bərabər olan kiçik İnterlaken aqlomerasiyasına aiddir.

İnterlaken ilə Unterzenin ortaq hissəsi sayılan tarixi mərkəzin görməli yerlərindən biri də qədim ratuşa meydanı və Yunqfrau regionunun turizm muzeyidir.

Tun və Briyents gölləri

Saf təmiz suya malik hər iki göl çox gözəldir. Burada çoxlu balıq, o cümlədən alabalıq və angvil məskunlaşıb. Uzunluğu 14-18 kilometr olan göllərin sahilində xeyli ağac, kiçik şəhərlər və yaylaq evləri yerləşir.

Tun və Briyents göllərində kruiz İnterlakenə gələn turistlər üçün populyar əyləncə növüdür. Bu səyahətlər Tun gölünə bütün ilboyu, Briyentsə isə aprel ayından oktyabradək təşkil edilir.

Günün yarısı və ya bütün gün davam edə bilən kruizdə təsir bağışlayan dağ mənzərələrinin, tarixi qəsrlərin və sahilboyu məskunlaşmanın görünüşündən həzz almaq mümkündür. Əgər qidalanma ilə kruiz sifariş edilərsə, o zaman səyahətiniz dadlı məclisi özündə birləşdirəcək.

İnterlakenin simvolu

Şəhər bələdiyyəsinin gerbində təsvir olunan Alp dağkeçisi İnterlakenin simvoludur. Bu, İnterlaken regionunda yaşayan ən qədim heyvanlardan biridir. Lakin XIX əsrdə Alp dağkeçisi İsveçrədə tamamilə məhv edilib.

Bu növün bərpa edilməsi məqsədilə 1914-cü ildə İnterlakendə təbiət parkı açılıb. Görülən bu tədbir səmərəsini verib, cins cütlükdən tezliklə Alp dağkeçilərinin koloniyası əmələ gəlib ki, illər sonra onları vəhşi təbiətin qoynuna buraxıblar.

Hazırda arzulayan hər kəs dəniz səviyyəsindən 1322 metr hündürlükdə olan Harder-Kulm kanat yolu stansiyasının yaxınlığında yerləşən İnterlaken-Harder Alp parkını ödənişsiz ziyarət edə bilər. Kanat yolu ilə İnterlakendən Harder-Kulma gediş vaxtı 10 dəqiqədir.

Parkda qəfəslərdə saxlanılan dağkeçilərinə və marmot sürülərinə də tamaşa edə bilərsiniz. Buradan İnterlakenin göllərinə, həmçinin Eyger, Mönx və Yunqfrau dağ zirvələrinə gözəl mənzərə açılır.

Yunqfrauya səyahət

Qarla örtülü Yunqfrau dağ zirvəsinə ekskursiya İnterlakendə çox populyardır. Oraya yol yaxın deyil, iki dəfə qatarı dəyişmək lazım gələcək. Ümumilikdə, yolun bir tərəfinə iki saat vaxt sərf olunur. Lakin dəmir yolu çoxsaylı xizək kurortlarının (məsələn, Qrindelvald) yerləşdiyi mənzərəli dağ rayonlarından keçdiyi üçün vaxt tez ötür.

Bununla yanaşı, yolun son kəsiyi – Klyayne-Şaydeq stansiyasından Yunqfrauyox aşırımınadək olan hissə Avropada ən hündür dəmir yolu hesab edilir. Bu, necə deyərlər, “dişli” dəmir yolu adlanır. Yoxuşda daha yaxşı qoşmadan ötrü adi relslərin ortasına əlavə “dişli” relslər quraşdırılıb. 9 kilometrlik yolun böyük hissəsi qayalarda çapılmış tuneldən keçir. Bu dəmir yolunun tikintisi 16 il (1896-cı ildən 1912-ci ilədək) davam edib, həmçinin böyük çətinliklər və insan itkiləri ilə müşayiət olunub.

Son dayanacağa çatmazdan əvvəl qatar 2865 metr dəniz səviyyəsindən yüksəklikdə Aygenvard stansiyasında dayanır. Bu zaman sərnişinlərə vaqonlardan çıxaraq böyük müşahidə pəncərələrindən qar örtüyünü seyr etmək fürsəti verilir. Qatar yola düşdükdən 5 dəqiqə sonra sonuncu Yunqfrauyox (dəniz səviyyəsindən 3454 metr) stansiyasına çatır. Bu, Avropanın ən hündür dağ stansiyasıdır.

Yuxarıda səyahətçiləri çox maraqlı şeylər gözləyir. Birincisi, buradan liftlə (İsveçrədə ən sürətli olan) “Sfinks” adlanan qayaya qalxmaq olar. Burada 3571 metr yüksəklikdə müşahidə meydançası, həmçinin meteostansiya və Avropada ən yüksək dağlıq ərazidə yerləşən rəsədxana var. Buradan cəlbedici mənzərə açılır: hər yer qar örtüyünə bürünüb. Uzunluğu 22 kilometr (Avropada ən uzun), eni təxminən 1 kilometr olan Aleç buzlağı, Qrindelvald vadisi, həmçinin Yunqfrau, Mönx və Eyger zirvələri də gözəl təsir bağışlayır. Deyirlər ki, aydın havada hətta qonşu Fransadakı Vogeza dağ massivini və Almaniyadakı qara meşəni də görmək mümkündür.

Aleç buzlağının altında, qayaların 20 metr dərinliyində və buzda qalereyalar çapılıb. Burada ötən əsrin 30-cu illərində düzəldilmiş min kvadratmetrdən çox sahəni əhatə edən Buz sarayı yerləşir. Onun divarlarının oyuqlarında buzdan kəsilmiş cürbəcür heykəltəraşlıq kompozisiyaları quraşdırılıb. Ziyarətçilərin isti nəfəsinin təsirindən qaçmaq məqsədilə buzlaqdakı təbii soyuqluqla yanaşı, sarayda temperatur daim mənfi 3 dərəcə səviyyəsində saxlanılır.

Arzu edənlər bayıra çıxa, qarda gəzə və qartopu oynaya bilərlər. Əbədi buz dünyasına ekskursiyalar ilboyu təşkil edildiyindən bu səyahət xüsusilə yayda daha maraqlıdır.

Bundan başqa, burada tarixi dəmiryol stansiyasının tikintisindən, həmçinin inşaatçıların və ideyanın baş ilhamvericisi – sənayeçi Adolf Quyer-Sellerin şərəfinə ucaldılan memorialdan bəhs edən ekspozisiya qurulub.

Geriyə qayıtmazdan əvvəl gözəl mənzərəni seyr etmək mümkün olan bir neçə kafe və restoranlarda dincələ bilərsiniz.

Sonda onu da qeyd edək ki, Yunqfrau dağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Funky Chocolate Club

İsveçrəyə hər hansı səfər buranın yüksəkkeyfiyyətli şokolad dünyası ilə tanış olmağa bir fürsətdir. Şokoladın tərkibində əsas inqrediyent olan kakao paxlası məlumdur ki, İsveçrədə bitmir. Bəs necə olur ki, İsveçrə şokoladı dünyada ən yaxşılardan biridir? Əlbəttə ki, yerli inəklərin südü! Bu, şokoladın ustad dərslərinin təşkilatçısı “Funky Chocolate Club”ın versiyasıdır. Bizə buranı ziyarət etmək nəsib oldu. Alp çəmənliklərində otlayan inəklər xüsusi ətirli, çiçək dadlı süd verirlər ki, bu da ondan hazırlanmış şokoladda özünü büruzə verir.

Peşəkar şokoladyelərin rəhbərliyi ilə keçirilən ustad dərslərinin dinləyiciləri həm şokolad barədə maraqlı və yeni məlumatlar öyrənir, həm də özləri şokolad plitkaları yaratmaq imkanı qazanırlar. Ustad dərsləri başlanmazdan əvvəl iştirakçılara önlüklər və aşpaz papaqları paylanılır. Tanışlıq mühazirələrində kakao paxlaları yetişməsi və sonradan ondan şokoladın necə alınması barədə məlumat alan qonaqlar bu ləziz təamın müxtəlif növlərinin dadına baxa bilirlər. Sonra şokoladye hər bir iştirakçıya əridilmiş şokolad, boşaldılması üçün forma və əlavə inqrediyentlər təqdim edərək, öz plitkalarının hazırlanmasında onlara yardımçı olur.

Beləliklə, yekunda müxtəlif əlavələrlə (qurudulmuş meyvələr, qoz və s.) iştirakçıların özlərinin yazılarla bəzək vurduğu 3 şokolad plitkası alınır. Siz həmin şokoladları özünüzlə götürə bilərsiniz. Lakin bundan ötrü şokoladlar 60 dəqiqə ərzində soyuducuda qalmalıdır. Daha sonra onu qablaşdıraraq ustad dərslərinin iştirakçılarına verirlər.

Ustad dərslərinin keçirildiyi məkanda dünyanın xəritəsi asılıb. İştirakçılar bu xəritənin üstündə haradan gəldikləri şəhəri tapıb sancaqla işarələyə bilərlər. “Bakı” yazısının yanında artıq bir neçə sancaq batırılmışdı. Görünür, Azərbaycandan olan turistlər İnterlakeni artıq çoxdan seviblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.