CƏMİYYƏT


İki il əvvəl Kürdəmirdə törədilmiş qətl hadisəsinin üstü açılıb

Bakı, 16 sentyabr, AZƏRTAC

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı mübarizənin daha da gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi üzrə işin səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı kompleks, ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün prioritet istiqamətlərdən biri də ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılması ilə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilmələridir.

Bu məqsədlə Baş Prokurorluq tərəfindən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə kompleks plan tərtib edilib və ona uyğun istintaq, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, o cümlədən cinayətlərin açılması üçün zəruri tədbirlər görülüb, qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış məqsədyönlü tədbirlər, habelə səmərəli birgə fəaliyyət nəticəsində Kürdəmir şəhəri sakini 1966-cı il təvəllüdlü Rəhimova Bəyim Əlirza qızının 2018-ci il noyabrın 29-da da yaşadığı evdə yanmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin açılması təmin olunub.

Peşəkar prokurorluq, polis və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 1979-cu il təvəllüdlü Nuriyev Zahid Məhəddin oğlunun 2018-ci il noyabrın 28-də yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə gecə saatlarında hasardan qonşuluqda yerləşən Bəyim Rəhimovanın yaşadığı evin həyətinə keçərək, oradan da mənzilə daxil olub sonuncunun evdə tək olmasından və gecə saatlarında ətrafda heç kimin olmamasından istifadə etməklə tamah motivi ilə istintaqa məlum olmayan alətlə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq (meyit sonradan tam yandırıldığı üçün bunu müəyyən etmək mümkün olmayıb) qəsdən öldürdükdən sonra ona məxsus mobil telefonu və 915 əyarlı bir cüt gümüş sırğanı götürməsinə, törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanın meyitini yataq otağında çarpayının üzərinə uzadıb özü ilə gətirdiyi tezalışan neft məhsulunu cəsədin üzərinə tökərək yandırmasına əsaslı şübhələr müəyyən olunub.

İstintaq zamanı Zahid Nuriyevin mağazada satdığı mərhumun mobil telefonu, o cümlədən anasının yataq otağında gizlətdiyi mərhuma məxsus bir cüt sırğa aşkarlanaraq götürülüb. Həmçinin iş üzrə təyin olunmuş məhkəmə-fiziki kimyəvi ekspertizasının rəyi ilə Zahid Nuriyevin paltarları üzərində tezalışan neft məhsulları izlərinin olması müəyyənləşdirilib.

Cinayət işi üzrə kompleks məhkəmə-fiziki kimyəvi, tibbi kriminalistik, daktiloskopik, tibbi bioloji, əmtəəşünaslıq, kompüter-texniki və digər zəruri ekspertizalar təyin olunub, o cümlədən müvafiq əməliyyat tapşırıqlarının həyata keçirilməsi ilə bağlı zəruri tapşırıqlar verilib.

Əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və zorlama cinayət əməllərində təqsirli bilinməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Zahid Nuriyev avqustun 19-da iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.