İDMAN


İki karateçimiz Dünya Oyunlarına vəsiqə qazanıb

Bakı, 4 dekabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci dünya çempionatının mükafatçıları İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) XI Dünya Oyunlarına vəsiqə qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, daha bir idmançımız Rafael Ağayevin (75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışda iştirakı 2022-ci ildə keçiriləcək Karate1 seriyasından nüfuzlu turnirlərdə əldə edəcəyi reytinqdən və Avropa çempionatının nəticəsindən asılı olacaq.

XI Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. On iki kateqoriyanın hər birində 8 karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk "üçlük" dünya çempionatının mükafatçılarından ibarətdir. Digər 3 yer dünya reytinqində ilk pillələri tutanlara, qitə çempionlarına, daha bir lisenziya isə təşkilatçı ölkənin təmsilçisinə veriləcək.

Oyunlar 2022-ci il iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu yarışda 100-dən artıq ölkədən 3 mindən çox idmançının çıxışı gözlənilir. Oyunların karate yarışları iyulun 8-9-da keçiriləcək .

Xatırladaq ki, noyabrın 16-21-də Dubayda keçirilmiş böyüklərin 25-ci dünya çempionatında İ.Zaretska ikiqat dünya çempionu titulunu qazanıb. Digər karateçimiz A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.