CƏMİYYƏT
İki mənzildən 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Səbail rayonunun Z.Əliyeva küçəsi-29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyaları, iki televizor və noutbuk oğurlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkənlərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsinin və 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov qısa zamanda saxlanılıblar.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Ə.Xankişiyeva və A.Heydərov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarının müəyyən hissəsini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızıl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkarlanaraq maddi sübut kimi götürülüb. Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində həmin hadisəni törətdiklərini etiraf ediblər.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (təkrar törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.