İQTİSADİYYAT
İki prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində yenidənqurma işləri yekunlaşır VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki əsas prospektdə- Ziya Bünyadov və Heydər Əliyev prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, küçə sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edildiyindən, o zaman burada səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulmayıb. Nəticədə yağış suları yolun hərəkət hissəsinə yığıldığından, asfalt örtüyünün deformasiyasına, dağılmasına səbəb olub.
Bütün bunlar nəzərə alınaraq xüsusi əhəmiyyətə malik Ələsgər Qayıbov küçəsinin əsaslı yenidən qurulması işlərinə başlanılıb. İşlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadratmetr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub.
Küçə boyu 8200 poqonmetr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub. Hazırda səkilərdə və ayırıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Yenidənqurma işləri tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.