REGİONLAR
İki qardaş, iki medal - biri qızıl, biri gümüş VİDEO
Xaçmaz, 20 may, AZƏRTAC
Ayxan və Oruc Yusifli qardaşları Məktəblilərarası VII Fənn müsabiqələrində medal qazanan şagirdlər sırasında yer alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istedadlı şagirdlər Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil alırlar.
VII sinifdə oxuyan Ayxan Yusifli müsabiqədə fizika fənni üzrə qızıl, onun qardaşı VI sinif şagirdi Oruc Yusifli isə informatika fənni üzrə gümüş medal qazanıb. Ayxan müsabiqədə fizika fənni üzrə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
Məktəbin fizika müəllimi, eyni zamanda müsabiqədə uğur qazanan şagirdlərin anası Vüsalə Yusifli bildirib ki, Ayxan və Oruc həm medal qazandıqları, həm də digər fənləri əla oxuyurlar.
“Bu, tək Ayxan və Orucun yox, həmçinin məktəbimizin, müəllimlərimizin uğurudur. Fizika müəllimi olduğumdan Ayxanla dərs proqramından əlavə evdə özüm fərdi məşğul olmuşam. Medal qazanacağına inanırdı. Amma əyarının qızıl olması bizi çox sevindirdi. Oruca informatikanın sirlərini öyrədən Aygün müəlliməyə xüsusi təşəkkür edirəm. Ən vacibi odur ki, Ayxan, Oruc, həmçinin digər şagirdlərimiz böyüyüb Vətənimizə layiqli övladlar olsunlar”, - deyə Vüsalə Yusifli bildirib.
Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin direktoru Anar Nəcməddinli Fənn müsabiqələrinin yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmağa imkan yaratdığını bildirib: “Şagirdlərimizin uğuru bizi çox sevindirir. Məktəbimiz üçün müsabiqədə iki medal qazanmaq böyük uğurdur. Ötən tədris ilində də belə nailiyyətimiz olub. Şagirdimiz Fateh Yusifli biologiya fənni üzrə gümüş medal qazanmışdı. Bu il isə Ayxan qızıl, Oruc isə gümüş medal qazandı. Bu uğur digər şagirdlərimizi də daha yaxşı oxumağa sövq edir”.
Fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ qazanırlar. Bunun üçün həmin şagirdlər iyunun 10-dək Azərbaycan Respublikasının Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.