İQTİSADİYYAT
İki rüb ərzində “Azəri-Çıraq-Günəşli”də hasilat 108 milyon barrel olub
Bakı, 1 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 108 milyon barrel, yəni 15 milyon ton təşkil edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (49 min), “Mərkəzi Azəri” (158 min), “Qərbi Azəri” (127 min), “Şərqi Azəri” (96 min), “Dərinsulu Günəşli” (107 min) və “Qərbi Çıraq” (59 min) platformalarından birlikdə gündəlik orta hesabla 596 min barrel olub.
İki rübdə AÇG-də ümumilikdə 116 neft hasilat quyusu, 53 qaz və su quyusu istismarda olub. Altı ayda blokda 6 neft quyusu və 2 su injektor quyusu qazılıb.
İlin ilk 6 ayında AÇG layihəsinə təqribən 236 milyon dollar əməliyyat və 552 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” (Statoil) - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.