İki saylı Gəncə ‘‘ASAN xidmət” mərkəzi - 1 il
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ötən il yanvarın 30-da açılışı olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi elə həmin il fevralın 10-da fəaliyyətə başlayıb.
Mərkəzin binası dördmərtəbəlidir və ərazisində geniş park, uşaq əyləncə meydançası, idman meydançası və xüsusi dekor hovuzlar var.
Həmin mərkəz Gəncə və Naftalan şəhərləri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan 1 milyona yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı isə 85 nəfərdir. “ASAN xidmət” mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Fəaliyyət göstərdiyi bir il ərzində həmin mərkəzə 254 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 360-dən çox xidmət həyata keçirilir.







Xəbərin mətnində orfoqrafik səhv var