CƏMİYYƏT


İki saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə yaradılıb.

Prezident İlham Əliyevin yanvarın 30-da açılışını etdiyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ölkəmizdə sayca 22-ci belə mərkəzdir.

Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb və bu ilin yanvarında başa çatdırılıb.

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi üçün ayrılan iki hektar ərazidə mərkəzin dördmərtəbəli inzibati binası, transformator, qazanxana, su çəni, dekorativ hovuzlar, yerüstü iki avtomobil dayanacağı, uşaq əyləncə meydançası yaradılıb. Fasadlarda müasir tendensiyaya uyğun olaraq ən son texnologiyalardan istifadə edilib.

“ASAN xidmət” mərkəzində videomüşahidə görüntüləmə və videonövbə sistemləri, xüsusi dizayna malik lift, dörd eskalator, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, generator və fasiləsiz enerji təchizatı (UPS) quraşdırılıb.

Əsasən Gəncə və Naftalan şəhərləri, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarında qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Agentliyin şöbə müdirinin sözlərinə görə, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. Vətəndaşlar mərkəzin divarlarına, eyni zamanda, masa üzərilərinə yerləşdirilmiş tablolardakı QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, yashat.gov.az portalına keçid vasitəsilə isə “YAŞAT” Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə edə biləcəklər. Mərkəzdə əməkdaşların sayının 208, könüllülərin sayının isə 85 nəfər olması nəzərdə tutulur. “ASAN xidmət” mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub. Vətəndaşların istirahəti üçün açıq zona hesab olunan istirahət meydançası, ASAN Kafe nəzərdə tutulub. “ASAN xidmət” mərkəzinin ərazisində 70 avtomobil üçün parklama yeri yaradılıb. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

“Hazırda 22 "ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Bakı və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə vətəndaşlar “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən göstərilən 55 növ xidmətdən yararlana bilirlər.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 710 mindən çox vətəndaşın 50 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib”, - deyə E.Niftəliyev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.