CƏMİYYƏT


İki uğursuz hamiləlikdən sonra… üçüncü hamiləlikdə dünyaya sağlam körpə gətirib

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının həkimləri körpə həsrətində olan daha bir ailəni sevindiriblər. Klinikanın 1-ci mamalıq ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovanın sözlərinə görə, onlara müraciət edən xanım bundan əvvəl iki dəfə hamilə olsa da, hər dəfə uğursuzluqla nəticələnib.

AZƏRTAC xəbər verir ki, həkim-ginekoloq universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib: “Evli olduğu dörd ildə 23 yaşlı xanımın ilk hamiləliyi 28 həftəlikdə 1,6 kiloqram, ikinci hamiləliyi isə 32 həftəlikdə 2200 qram dölün doğulması ilə nəticələnib. Birinci dəfə körpə 7-ci sutkada, ikinci dəfə isə 9-cu sutkada tələf olub. Təəssüf ki, yenidoğulmuşların heç birinin ölüm səbəbinin araşdırılması üçün tədqiqat aparılmayıb”.

Həyat yoldaşı ilə yaxın qohum olan gənc xanım ana olmaq arzusu ilə bu dəfə universitetin Cərrahiyyə Klinikasına müraciət edib. Klinikada hamiləlikdən əvvəl onu laborator–instrumental müayinələrdən keçirib, infeksiya və hormonal dəyişikliklərlə əlaqədar müalicə ediblər. Həkimin dediyinə görə, qadında 2-ci sinif genlərin Hla tiplənməsi zamanı 3 lokus üzrə histoloji uyğunluq, autoimmun markerlər və irsi trombofiliya üzrə 2 homoziqot mutasiya aşkar edilib: “Uğursuz hamiləlik üçün həmin səbəblər çox böyük təhlükə mənbəyi hesab edilir. Bundan əlavə, gələcək anada insulinrezistentlik, hiperandrogeniya, qalxanabənzər vəzin çoxdüyünlü uru və uşaqlığın inkişaf anomaliyası aşkar olunub”.

Hamiləliyin ilk ayında limfositoterapiya aparılsa da, bu dəfə də həmin müddət fəsadsız ötüşməyib. Düşük təhlükəsi, vaxtından əvvəl doğuş təhlükəsi, simptomsuz bakteriyauriya, qadında irsi və qazanılmış trombofiliya markerləri, eləcə də aşağı ətraf damarlarının doppler müayinəsi zamanı venoz qapaq çatışmazlığı aşkarlanıb.

Bütün bunları nəzərə alaraq hamiləlik aşağı molekul çəkili heparin yüksək profilaktik dozası ilə aparılıb və nəhayət, bu günlərdə qadın qeysəriyyə əməliyyatı ilə dünyaya sağlam körpə gətirib. Körpənin çəkisi 2,6 kiloqram, boyu 49 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.