İDMAN


İki yüzədək şahmatçının mübarizə apardığı Fuad Cəfərov memorialına yekun vurulub

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycanda yeni ildə şahmatın inkişafına böyük töhfə vermiş beynəlxalq hakim, Əməkdar məşqçi və Respublika Şahmat Mərkəzinin birinci direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib. Tanınmış şahmat məşqçisi Fuad Cəfərovun xatirəsinə həsr olunan builki beynəlxalq turnirə yanvarın 11-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yanvarın 3-də start götürən və ümumilikdə 200-dən çox şahmatçının mübarizə apardığı memorialda yarışlar “A” (qrossmeyster və beynəlxalq usta normaları), “B” (Open) və “C” qrupları (11 yaşadək uşaqlar) üzrə keçirilib.

Memorialda blits üzrə komanda yarışında 9 turun yekunlarına görə birinci yeri maksimum nəticə ilə “Asadli Team” (Vüqar Əsədli, 2360, Xəzər Babazadə, 2181) komandası tutub. “International” və “Eleven” komandaları hərəyə 6 xalla sonrakı iki yerə sahib olublar.

Rapid üzrə yarışlarda 7 xalla azərbaycanlı şahmatçı Read Səmədov (2019) qalib olub. Sonrakı pillələrə təmsilçilərimiz Loğman Quliyev (2252, 6 xal), Əhməd Əhmədzadə (2101, 5,5 xal) qərarlaşıblar.

Otuz yeddi şahmatçının mübarizə apardığı “C” qrupunda (11 yaşadək uşaqlar) isə Nihad Kərimov (1404) 6 xalla birinci yeri tutub. İkinci və üçüncü yerləri isə hər birinin aktivində 5,5 xal olan Aqşin Əlizadə (1088) və Lalə Hüseynova (1199) tutublar.

On şahmatçının, o cümlədən 4 qrossmeysterin iştirak etdiyi “A” qrupunda dairəvi turnirdə İran təmsilçisi Araş Təhbaz (2468) doqquz turun nəticəsinə görə 7 xalla turnirin qalibi adını qazanıb. Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə (2337) və ukraynalı Mixail Simantsev (2401) 5 xalla ikinci və üçüncü yerləri bölüşüblər.

“Open” turnirində İran təmsilçisi Arya Omidi (2354) dörd xalla birinci yeri tutub. Azərbaycanlı şahmatçı Azad Abbasov (1511) eyni xalla ikinci, İran təmsilçisi Marzoqi Mohammədsadeh (2003) 3 xalla üçüncü yerdə qərarlaşıblar.

Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, turnirin təşkilatçısı və baş hakimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani və digər çıxış edənlər bildiriblər ki, Fuad Cəfərov Azərbaycanın şahmat tarixində özünəməxsus iz buraxıb. Onun əməyi sayəsində çoxlu sayda istedadlı şahmatçılar yetişib. Sevindirici haldır ki, şahmat turnirlərinin peşəkar təşkilatçısı olan Fuad Cəfərovun xatirəsinə həsr edilən ənənəvi yarışlar hər il keçirilir. Bu turnirlər görkəmli şahmat məşqçisinin xatirəsinə yüksək ehtiramın nümunəsidir.

Sonda memorial çərçivəsində keçirilən turnirlərin qalibləri mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.