CƏMİYYƏT


İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sərəncam, ümumilikdə, 11 min 193 nəfər şəxsə şamil olunacaq. Onlardan 563 nəfəri İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarıdır ki, Sərəncama əsasən, onların hər birinə 1000 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Qalan 10 min 630 nəfəri isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş insanlar, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları təşkil edir. Sərəncamla bu insanların da hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın icrası olaraq, qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların ödənilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon manat ayrılması və Maliyyə Nazirliyi tərəfindən həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsi nəzərdə tutulub.

Müvafiq Sərəncamlarla İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə verilən birdəfəlik maddi yardımların məbləği də getdikcə artırılır. Son illərdə bu maddi yardımların məbləği 25 faiz artırılıb və müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi tam həyata keçiriləcək.

Birdəfəlik maddi yardımların avtomatlaşdırılmış qaydada həmin insanların bank hesablarına köçürülməsi, beləliklə, tam şəffaf şəraitdə ödənişinin həyata keçirilməsi təmin olunacaq.

İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar. Dövlət başçısının imzaladığı Sərəncamlarla cari ildə də əmək pensiyalarının və təqaüdlərin, o cümlədən İkinci Dünya müharibəsi əlilləri və iştirakçılarına yönələn pensiya və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.

Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, 1117 nəfəri isə minik avtomobili ilə təmin edilib. Onların ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlərlə, habelə bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.