CƏMİYYƏT


İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 yaşı tamam olub

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan xalqımız cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Gəncliyini faşizmə qarşı mübarizədə - cəbhədə ağır döyüş yolları keçmiş, Leninqrad mühasirəsində sağ qalmış, hərbi zavodlarda çalışmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranları hər il Qələbəni qürur hissi ilə qarşılayırlar. İllər keçdikcə bu veteranların sayı getdikcə azalır.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi veteranlarından biri də 100 yaşlı Fatma Səttarovadır. Onu bütün Azərbaycan ictimaiyyəti və xalqı yaxşı tanıyır. İkinci Dünya müharibəsi veteranı F.Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında böyük xidmətlər göstərir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxından və fəal iştirak edir. O, müharibə illərində çox əzab-əziyyət çəkib. Müxtəlif hospitallarda xidmət edib, həmçinin Leninqradın blokadasında və Moskva ətrafında gedən döyüşlərdə iştirak edib. F.Səttarova müharibədən sonra Vətənə qayıdaraq ali təhsil alıb və müxtəlif vəzifələrdə çalışıb. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma xanım yüksək təhsili, geniş dünyagörüşü ilə fərqlənir. Uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib. Onun müharibə illərindən heç bir şəkli qalmayıb. Bir neçə il əvvəl mənzili qarət olunanda ordenləri ilə birgə şəkilləri, müharibədən ailəsinə göndərdiyi məktubları da oğurlanıb. İndi müharibə illəri, sadəcə, onun xatirələrində qalıb.

Fatma Səttarova 1922-ci ildə Bakıda dünyaya gəlib. Ailənin tək övladı olsa da, müharibənin başlandığı ilk aylarda 1941-ci ildə 18 yaşında İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanıb. 1940-cı ildə Bakıda Tibb Texnikumundan yenicə məzun olmuş, 1941-ci ilin yanvarında ərə getmişdi. Beş ay sonra isə İkinci Dünya müharibəsi başlayıb. Texnikumda hərbi kafedra olub. Məktəbi qurtaranda F.Səttarovaya diplomla yanaşı, hərbi rütbə və hərbi bilet də veriblər. Cəmi bir neçə aydan sonra onun həyatı tamamilə dəyişir. İyunun 22-də Almaniyanın Sovet İttifaqına hücum etməsi elan olunur. O vaxt Fatma xanım həyat yoldaşı Məhəmmədlə birlikdə hərbi komissarlığa gəlib könüllü cəbhəyə getmək istədiklərini deyiblər. F.Səttarova cəbhəyə gedəndə əri Pyotr Montin adına maşınqayırma zavodunun direktoru idi. Müharibə başlayanda bu zavod profilini dəyişərək hərbi təyinatlı silah-sursat istehsalına keçmişdi. Zavodun işçiləri isə arxa cəbhənin iştirakçıları olub. Ona görə də Məhəmməd Bakıda qalıb, Fatma xanım isə şəfqət bacısı kimi cəbhəyə gedib.

Bu qəhrəman qadın İkinci Dünya müharibəsi dövründə 1941-1942-ci illərdə Moskva uğrunda döyüşdə iştirak edib. Müharibə ilə yanaşı, F.Səttarova da o vaxt böyümüşdü, təcrübəli tibb bacısı idi. Ağır döyüşlərdən birində səngərdən zəif inilti səsləri gəlib. Tibb bacısı kimi borcunu yerinə yetirən F.Səttarova cəbhə yollarında çoxlu sayda yaralıların həyatını xilas edib. O vaxt Moskva ətrafında döyüş meydanında onun özünü də yerin altından çıxardıblar. O, səngərdə olarkən tanklar onun üstündən keçib. O vaxt almanlar Leninqradı mühasirəyə almışdılar. Ordu getdikcə irəliləyirdi. F.Səttarova ordu ilə birgə Ladoqa gölü ilə hərəkət edib şəhərə daxil olub. Alman təyyarələri hər tərəfi bombalayıblar. F.Səttarova dörd ay yarım mühasirədə olan Leninqraddan o biri sahilə Ladoqa gölü üzərindən salınmış “Həyat yolu” körpüsü ilə ərzaq, dava-dərman daşınması və bərələrin keçirilməsi zamanı döyüşlərdə neçə-neçə insanın həlak olmasının şahidi olub. Bütün bunlara baxmayaraq o, sağ qalıb. O vaxt Leninqradın müdafiəçiləri Neva üzərində qala kimi dayanıblar və faşistlərə təslim olmayıblar, qurbanlar veriblər. Qızcığaz Leninqradın mühasirəsi günlərində dəfələrlə ölümlə üzbəüz olub. Sovet ordusu blokadanı açandan sonra təcrübəli tibb bacısı yaralıları gəmilərlə Ladoqa gölü vasitəsilə Leninqraddan çıxarmağa başlayıb. Onu isə Stalinqrad cəbhəsinə göndəriblər. F.Səttarova sovet ordusu ilə birlikdə Berlinə qədər gedib. Macarıstana çatanda orada xəstələnib və 1945-ci ilin fevralında Tibbi Komissiyanın qərarı ilə ordudan tərxis olunub. Yaralılardan ibarət eşelonu müşayiət edərək fevralda doğma Bakıya qayıdıb. Cəmi üç ay sonra mayın 9-da sovet ordusu faşizm üzərində Qələbə qazanıb. Berlində Reyxstaq üzərində Qələbə bayrağı sancılmasının elan edildiyi günü xatırlayanda indi də onun gözlərində sevinc hiss edilir. Müharibəni unutmaq olmur. Çünki müharibənin zülmünü ancaq yaşayan bilər.

Müharibədən sonra yeni həyata başlayıb və səhiyyə sistemində işləməyib. Müharibə illərində qan tökülməsini, insanların şikəst olmasını, ölməsini çox görüb. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. Ulu öndər Heydər Əliyevlə bir dövrdə oxuyub. Ümummilli Lider o vaxt Tarix fakültəsində qiyabi oxuyurdu. Sonralar da onunla görüşəndə universitet xatirələrini bir-birilərinə danışardılar. F.Səttarova ərini tez itirib, çox çətinlik çəkib, uşaqları özü böyüdüb. Bütün həyatı boyu işləyib, uzun illər rəhbər vəzifələr tutub. Yaşadığı bütün çətinliklərə baxmayaraq taleyindən razıdır. Hazırda ictimai həyatda və müxtəlif tədbirlərdə fəal iştirak edir.

F.Səttarova, o cümlədən Rusiyada Böyük Qələbənin 75 illiyi münasibətilə keçirilmiş MDB ölkələrindən olan İkinci Dünya müharibəsi iştirakçıları olmuş veteran qadınlar 2020-ci ildə “Qalxan və qızılgül” Ümumrusiya illik ictimai mükafatının təqdim edilməsi ilə bağlı mərasimə qatılıb. Fatma xanıma Moskvada iki medal - “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” və “Vətənin fəxri” medalları ilə təltif olunub.

F.Səttarova müharibə və əmək veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi hazırda da Təşkilatın keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, onun tanıdılmasında əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmir. Onun həyatı bu gün gənc nəslin Azərbaycanın layiqli vətəndaşları kimi yetişməsində dəyərli nümunələrdən biridir. Tez-tez cəbhə bölgələrində olub, əsgərlərlə görüşən F.Səttarova Azərbaycanı MDB ölkələrində İkinci Dünya müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil edərək ölkəmiz, o cümlədən Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.

Prezident İlham Əliyev hazırda İkinci Dünya müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır, veteranların yubileyləri təntənəli şəkildə qeyd edilir. Bu sahədə Azərbaycan MDB dövlətləri ilə müqayisədə ilk sıralardadır. Respublika Veteranlar Təşkilatında İkinci Dünya müharibəsinin iştirakçıları, o cümlədən Fatma Səttarovanın 100 illik yubileyinin geniş qeyd olunması bu diqqət və qayğının bariz təzahürüdür.

Yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Səttarovanın “İstiqlal” ordeni ilə təltif olunması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısı yanvarın 25-də Fatma Səttarovanı qəbul edərək, ona “İstiqlal” ordenini təqdim edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi instaqram səhifəsində Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Mehriban Əliyevanın paylaşımında bildirilib: “Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik!”.

Vətənimizi İkinci Dünya müharibəsində layiqincə təmsil etməsinə görə hər zaman qürur duyduğunu vurğulayan Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya keçirilən bütün tədbirlərdə veteranlar adından daim minnətdarlığını çatdırır.

Qəhrəmanımızın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Gənclərimiz veteranların həyat və təcrübəsindən daim faydalanmalıdırlar. Veteranlarımız və gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, ona dəstək olmalıdırlar.

Xalqımız fəxr edir ki, İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam və əsl mərdlik nümayiş etdirən istedadlı veteran qadınlarımız da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.