REGİONLAR
İkinci Dünya müharibəsində 5 min 612 astaralı döyüşçü iştirak edib
Astara, 9 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 9-da Astara şəhərində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü bayram sevinci ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, İkinci Dünya müharibəsinin iştirakçıları, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və ictimaiyyətin nümayəndələri “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov, Mirzə Cəbiyev və İlya Koverinin, üç “Şöhrət” ordenli Ağahəsən Nəhmətov və Rəhmət Hətəmovun büstləri önünə əklillər və gül dəstələri düzərək müharibədə həlak olanların xatirəsini yad ediblər.
Mərasim “Şindan” istirahət mərkəzində bayram süfrəsi arxasında davam etdirilib.
Böyük Vətən müharibəsi iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev İkinci Dünya müharibəsində azərbaycanlı döyüşçülərin qəhrəmanlıqlarının, arxa cəbhədə çalışanların fədakar əməyinin yüksək qiymətləndirildiyini söyləyib. O, ölkəmizdə müharibə iştirakçılarına yüksək dövlət qayğısının göstərildiyini vurğulayıb.
İcra hakimiyyətinin başçısı rayonun Səncərədi kənd sakini, 100 yaşlı Böyük Vətən müharibəsi veteranı Ağabəy Dadaşovu ad günü və Qələbə bayramı münasibətlə təbrik edərək ömrünün ən ahıl çağlarını yaşayan bu nurani el ağsaqqalının keçdiyi şərəfli ömür yolunun nəsillərə örnək olduğunu diqqətə çatdırıb.
Toplantıda çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatı Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov və başqaları İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsində azərbaycanlı döyüşçülərin, o cümlədən astaralıların qəhrəmanlıqlarından danışıb, ölkəmizdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda qeyd olunub ki, İkinci Dünya müharibəsində 5 min 612 astaralı döyüşçü iştirak edib. Onlardan 1064-ü müharibədə həlak olub, 827 nəfəri isə itkin düşüb.