CƏMİYYƏT
İkinci Dünya müharibəsində tarixi Qələbənin əldə olunmasına Azərbaycan xalqı böyük töhfələr vermişdir VİDEO
Bakı, 9 may (AZƏRTAC, Sevinc İsgəndərova). İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü Səbail rayonunda da qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayonun Bayıl yaşayış sahəsində, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Qələbə günü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmişdir. Bildirilmişdir ki, İkinci Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının böyük töhfələri vardır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş, 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfərə “Şöhrət” ordeninin hər üç dərəcəsi verilmişdir.
Qeyd edilmişdir ki, müharibə veteranları bu gün xalqımızın ən əziz və hörmətli nümayəndələridir. Ulu öndər Heydər Əliyev daim veteranlara qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Həyata keçirilən mühüm əhəmiyyətli tədbirlər nəticəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşdırılmışdır.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən danışmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra veteranlara hədiyyələr və maddi yadım təqdim olunmuşdur.