DÜNYA


İkinci Dünya müharibəsinə aid minlərlə ton döyüş sursatı Baltik dənizində ekoloji təhlükə mənbəyidir

Varşava, 14 avqust, AZƏRTAC

Baltik dənizinin dibi İkinci Dünya müharibəsindən qalan mina, bomba və kimyəvi silahlarla doludur. Hərbi sursatlar isə zaman keçdikcə korroziyaya uğrayaraq ekoloji fəlakətə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” qəzeti məqalə dərc edib.

Məqalədə bildirilib ki, Baltik dənizinin müxtəlif ərazilərində 40-100 min ton arasında müharibə dövrünə aid döyüş sursatı var. Qeyd edilib ki, bu gün dəqiq kəmiyyəti müəyyən etmək çətindir, çünki Potsdam konfransının qərarlarına görə, Polşa və Almaniyadakı sursat anbarlarını tərk-silah edən Sovet İttifaqı əsgərləri alman kimyəvi silahlarının "zərərsizləşdirilməsinə" cavabdeh idilər. Hansı ərazidə nə qədər silah-sursatın suya batırılması isə dəqiq deyil.

Diqqətə çatdırılıb ki, hərbi sursatın “zərərsizləşdirilməsi“ üçün ilkin olaraq İsveç və Baltikyanı ölkələr arasında dənizin mərkəzində yerləşən Qotland hövzəsi seçilib. Lakin marşrutun uzaqlığını nəzərə alaraq tonlarla çəllək gəmilərdən təsadüfi yerlərə atılıb.

Qəzet ikinci deponun Danimarkanın Bornholm adasının şərqindəki Bornholm hövzəsi olduğunu, rəsmi sovet qeydlərinə görə 100 metr dərinliyə təxminən 40 min ton silah-sursatın atıldığını bildirir. Polşanın Hel yarımadasının şimalındakı Qdansk hövzəsində də onlarla ton hərbi sursat batırılıb.

“Polşa Elmlər Akademiyasının 2011-2019-cu illər arasında apardığı araşdırmalara görə tərkibində iprit (dixlordietilsulfid) və arsen olan bombalar dənizi 70 metr radiusa qədər çirkləndirir, sualtı flora və faunanı məhv edir. Zaman keçdikcə qutu və çəlləklərin aşınması nəticəsində kimyəvi maddələrin yaratdığı ekoloji təhlükənin miqyası isə böyüyür”,- deyə məqalədə bildirilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.