CƏMİYYƏT
İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Vətən müharibəsinin şəhidləri - kapitan Elvin Ədalət oğlu Kazımovun və baş leytenant Kamran Qurbanəli oğlu Kazımovun anım günləri ilə əlaqədar İkinci Fəxri xiyabanda onların məzarları ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, ictimaiyyət nümayəndələri, qazilər və döyüş yoldaşları iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidlərin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.
Mərasimdə Vətən müharibəsi şəhidləri Elvin Kazımovun və Kamran Kazımovun əziz xatirəsi anılaraq, məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.