REGİONLAR


İkinci Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir VİDEO

Göygöl, 29 iyul, Elcan Məmmədov, AZƏRTAC

İyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə II Milli Yaylaq Festivalı başlayıb.

“Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov AZƏRTAC-ın bölgə müxbirinə görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda II Milli Yaylaq Festivalının keçirildiyi etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər müxtəlif mövzulu sahələr qurularaq qonaqların ixtiyarına verilib. Festivalın ilk günündə türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan, Qazaxıstanın orijinal musiqi kollektivlərindən olan “Turan” etnoqrafik folklor ansamblı çıxış edəcək. II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Bildirilib ki, festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

II Milli Yaylaq Festivalının informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.

Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.