“İkinci Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar” konfransı keçirilib
AzerTAg.az

Bakı, 11 noyabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Zəfər Günü və şəhidlərin xatirəsinə həsr olunmuş “İkinci Qarabağ beynəlxalq sosial və bəşəri elmlərdə müasir araşdırmalar” konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri İKSAD-ın rəhbəri professor Mustafa Latif Emek açaraq Qarabağ Zəfərinin birinci ildönümündə keçirilən konfransın əhəmiyyətindən bəhs edib.
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov bildirib ki, Türkiyə və Azərbaycanın qardaşlığı 44 günlük savaşda özünü açıq-aşkar göstərmiş oldu. O, konfransın adındakı Qarabağ kəlməsinin rəmzi məna daşıdığını diqqətə çatdıraraq, bu savaşı təkcə Azərbaycanın ərazi bütövlüyü uğrunda deyil, həm də türk dünyasının bütövlüyü uğrunda Türkiyə və Azərbaycanın birgə mübarizəsi kimi dəyərləndirib. Muxtar İmanov konfransda müxtəlif sahələri əhatə edəcək çıxışların yer almasını təqdirəlayiq hal hesab edib, elm adamlarının öz tədqiqatları ilə bu böyük mücadiləyə dəstək vermiş olduqlarını diqqətə çatdırıb.
Konfransın təşkilat qurumunun rəhbəri, Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru Ramazan Qafarlı Birinci Qarabağ savaşında Azərbaycanın məğlubiyyətinin səbəbləri barədə danışıb. O, geosiyasi, iqtisadi, dini və s. cəhətlərdən marağı olan müxtəlif dövlətlərin bu müharibədən Azərbaycana qarşı bir təzyiq aləti kimi istifadə etdiklərini vurğulayıb. Ramazan Qafarlı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə vəziyyətin kökündən dəyişdiyini, əsrin kontraktının imzalandığını, ordu quruculuğuna başlandığını və düzgün xarici siyasət aparıldığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağın tacı sayılan Şuşa şəhəri başda olmaqla torpaqlarımızı azad etdiyini bildirib, Qələbənin ildönümü münasibətilə bütün konfrans iştirakçılarını təbrik edib.
AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev ölkəmizdə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan ordu quruculuğundan, ölkəmizin dünya dövlətləri ilə əlaqələrindən, bu gün Azərbaycanın inkişaf etmiş güclü bir dövlət olmasından bəhs edib.
Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə koordinatoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Əlvan Cəfərov konfransın təşkilində dəstək göstərən aidiyyəti qurumlara, eləcə də bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib.
Sonda Mustafa Latif Emek çıxış edərək Qarabağın uzun illər işğal altında olduğunu və əhalisinin ermənilər tərəfindən görünməmiş zülmlərə məruz qaldığını diqqətə çatdırıb. O, bu savaşda Azərbaycanın mülkü vətəndaşlarının, əsasən uşaq, qadın və yaşlıların hədəfə alındıqlarını təəssüf hissi ilə ifadə edib.
Sonra konfrans işini on bir bölmədə yüzdən artıq məruzəçi ilə davam etdirib. Sonda konfrans iştirakçıları sertifikatla təltif ediliblər.
Xəbərin mətnində orfoqrafik səhv var