CƏMİYYƏT


“İkinci Qarabağ müharibəsi və minalar” mövzusunda vebinar keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsi və minalar” mövzusunda vebinar keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev İkinci Qarabağ müharibəsindən və torpaqların işğaldan azad olunmasından sonra Azərbaycanın mina problemi ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, həmin ərazilərin yenidən qurulması üçün, ilk növbədə, bölgə minadan təmizlənməlidir, lakin minalanmış ərazilərin xəritəsi hələ də Ermənistan tərəfdən təqdim edilməyib. “Azərbaycan həmişə Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyasını dəstəkləyib. Lakin Kampaniyadan irəli gələn öhdəlikləri öz ərazisində yerinə yetirə bilməyib, çünki bu ərazilər Azərbaycanın nəzarəti altında olmayıb. İndi isə vəziyyət dəyişib. Bu məsələlər yenidən Azərbaycanın gündəliyindədir. Azərbaycan üçün regionun minalardan təmizlənməsi vacibdir”, - deyə o qeyd edib.

Sonra çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov hazırda 200-dən çox insanın azad olunmuş ərazilərin minalardan təmizlənməsi işinə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, minalardan təmizlənmə işində həm Müdafiə Nazirliyi, həmçinin də Fövqəladə Hallar Nazirliyinin heyətləri də iştirak edirlər. “Biz hazırda bir sıra vacib hüquqi-normativ sənədlər hazırlamışıq. Bir çox təşkilatlar Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlıdırlar. Ərazidə müxtəlif növ minalarla rastlaşırıq. Onların neytrallaşdırılması çox çətin olur”, - deyə S.Poladov bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai özü Əfqanıstanda minaların törətdiyi dəhşətlərin şahidi olduğunu və bu problemin Azərbaycan üçün necə çətinlik yaratdığını yaxşı anladığını deyib. O bildirib ki, BMT hökumətin minaların təmizlənməsi istiqamətində fəaliyyətini alqışlayır. “Beş ildir Azərbaycanda çalışıram və ANAMA-nın gördüyü işlərə şəxsən şahidəm. ANAMA tərəfindən nəhəng işlər görülüb. Əhalinin mina risklərinə dair maarifləndirilməsi istiqamətində işlərin dəstəklənməsi üçün BMT 2 milyon avro həcmində vəsait ayırıb”, - deyən BMT nümayəndəsi Ermənistanı və Azərbaycanı Minalar Əleyhinə Konvensiyaya qoşulmağa dəvət edib.

Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Hərəkatın siyasət və hökumətlərlə əlaqələr üzrə meneceri Kasia Derlika-Rozenbauer təmsil etdiyi kampaniya barədə məlumat verib və yaxın gələcəkdə Azərbaycanın minalardan azad olmuş bir ölkəyə çevriləcəyinə inandığını bildirib. O deyib: “Ümumilikdə dünyada minalardan təmizlənmə tempi lazımi qədər yüksək deyil. Azərbaycanın Minalar Əleyhinə Konvensiyaya qoşulmasının vaxtı çatıb. Bunun Azərbaycan üçün bir çox öhdəlikləri, eyni zamanda, siyasi faydaları olacaq. Həmçinin sülh quruculuğu prosesinə də müsbət təsir edəcək”.

Mina Məsləhət Qrupunun (MAG) kommersiya direktoru Adam Komorovski qısa müddət əvvəl Azərbaycanla gələcək əməkdaşlığa dair danışıqlar apardığını bildirib. O qeyd edib ki, təmsil etdiyi təşkilat 30 il ərzində 68 ölkədə fəaliyyət göstərib. “Azərbaycanı əraziləri minalardan azad etmək üçün böyük işlər gözləyir. Artıq işlər gedir. MAG-la gələcək əməkdaşlıq ANAMA ilə saziş əsasında aparılacaq”, - deyə o vurğulayıb.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova ərazilərin minalardan təmizlənməsi məsələsinin ölkə gündəmində əsas məsələlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan konvensiyanı hələlik imzalamasa da, sazişi dəstəkləyir.

Vebinar sual-cavab sessiyası ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.