HEYDƏR ƏLİYEV - 100
İkinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı parçalanmaqdan xilas edib



Bakı, 27 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 105 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.
Çıxışlarda bildirilib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyini, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyini vurğulayan natiqlər bu gün Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib və ərazi bütövlüyümüz bərpa olunub.
Sonra tədbirdə Müstəqillik Gününün tarixinə həsr olunmuş sənədli film nümayiş olunub.