ELM VƏ TƏHSİL
İkinci ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 75 imtahan binası, 1266 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 249 imtahan rəhbəri, 1647 nəzarətçi–müəllim, 157 buraxılış rejimi əməkdaşı, 75 bina nümayəndəsi ayrılıb.
İmtahanda 16758 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15 min 126 nəfər Azərbaycan, 1632 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 10 min 915 nəfəri oğlan, 5 min 843 nəfəri isə qızdır. 13 min 479 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2786 nəfər əvvəlki illərin məzunudur. 27 nəfər ali təhsil müəssisələrinin, 466 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 67 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.
Bugünkü imtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 33 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.