İQTİSADİYYAT


İkiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya layihəsi müzakirə olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabon şəhərində “Azərbaycan və Portuqaliya arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” layihəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Portuqaliya tərəfindən isə həmin ölkənin Maliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Müzakirələrdə çıxış edən Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev Konvensiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Konvensiyanın imzalanması hər iki ölkənin sərmayəçilərinə əlverişli biznes şəraitinin, vergi mühitinin yaradılması, qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının yığılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dörd gün davam edən müzakirələr nəticəsində Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə olunub. Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçirilib, tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsinə dair ortaq fikrə gəliblər.

Səfər çərçivəsində Portuqaliyanın Vergi və Gömrük Təşkilatının səlahiyyətli şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikir mübadiləsi də aparılıb. Dövlət Vergi Xidmətinin transfer qiymətləri üzrə eksperti görüşə video formatda qoşulub.

Müzakirələr zamanı müxtəlif ölkələrin qabaqcıl təcrübələri nəzərdən keçirilib və tərəflər gələcəkdə bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.