İQTİSADİYYAT
İl ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuşdur
Bakı, 13 fevral (AZƏRTAC). “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdir.
Qeyd edilmişdir ki, ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır. Bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır.