REGİONLAR
İl ərzində Şəmkir rayonunda 40360 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb
Bakı, 28 dekabr, AZƏRTAC
Şəmkir rayonunun Morul kəndində Baytarlıq İdarəsi tərəfindən Süleymanov Elşənə məxsus cins heyvandarlıq fermasında 2500 kvadratmetr, Yeni Həyat kəndində Nəbiyev Kərəmə məxsus heyvandarlıq təsərrüfatında 500 kvadratmetr, Bayramlı kəndində Məmmədov İlhama məxsus heyvandarlıq təsərrüfatında 1000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri icra edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildiriblər ki, il ərzində Şəmkir rayonunda 40360 kvadratmetr sahədə profilaktiki dezinfeksiya işləri görülüb.
Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri Tarif Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ilə müəyyən edilmiş taarifə uyğun icra olunub.
Bu il Şəmkir Rayon Baytarlıq İdarəsi tərəfindən 13 min baş iribuynuzlu heyvandan və 5282 baş qoçdan bruselyoza görə, eləcə də epididemit xəstəliyinə qarşı 3894 baş qoçdan qan nümunələri alınaraq müayinə edilib. Həmçinin 5300 baş iribuynuzlu heyvan vərəmə görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkarlanmayıb.
Eyni zamanda, 60 min 980 baş iribuynuzlu, 283 min 743 baş xırdabuynuzlu, 2954 baş təkdırnaqlı heyvanda qarayara, 111 min 363 baş iribuynuzlu heyvanda, 166 min 804 baş xırdabuynuzlu heyvanda dabaq, 13 min 500 baş sahibli itdə quduzluq, 224 min 950 baş qoyunda çiçək, 9 min 699 baş iribuynuzlu, 51 min 973 baş xırdabuynuzlu heyvanda brusellyoz, 55 min 775 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 541 min 100 baş ev quşunda isə nyukasl xəstəliyinə qarşı "H" vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.
Rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib. Bununla da rayon ərazisində cari ilin epizootik tədbirləri yekunlaşdırılıb.
Hazırda Şəmkir Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini təmin etmək məqsədilə hazırlıq işlərinə start verilib.
Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək "soyuq zəncir"' rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin olunub. Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaraq soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla tətbiq ediləcək.