CƏMİYYƏT
İl ərzində dörd rayonda yeni hemodializ şöbələri açılıb
Bakı, 31 dekabr, AZƏRTAC
Hazırda respublikamızda 1541 hemofiliyalı xəstə qeydiyyatdadır. Uğurla həyata keçirilən dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin edilməsi nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən ölüm hallarının azaldılmasına nail olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Onun sözlərinə görə, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Diqqətə layiqdir ki, bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir. İl ərzində Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb.
Şöbə müdiri qeyd edib ki, bu kateqoriyadan olan xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda üzərində böyrəkköçürmə əməliyyatı aparılmış 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.