MƏDƏNİYYƏT
“İlahi düzən” “YARAT”ın ekranlarında
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də “YARAT” Müasir İncəsənət Məkanı və İsveçrənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “İlahi düzən” filminin təqdimatı olacaq.
AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş ediləcək film 2017-ci ildə istehsal olunmuş komediya-dram janrındadır. Ekran əsəri elə həmin il də “Tribeka” Film Festivalında ən yaxşı bədii film kimi “Tamaşaçı rəğbəti” mükafatını qazanıb.
Filmin rejissoru Petra Volpe İsveçrə demokratiyasının uzun zamandan bəri saxlanılan bu “sirri”ni özünəməxsus yumor və əyləncə ilə böyük ekrana köçürüb. Filmin süjeti 1970-ci ildə İsveçrədə cərəyan edən hadisələr üzərində qurulub. Ekran əsəri evdar qadın Noranın yaşadığı kiçik qəsəbədə dəyişikliklər edən xanıma çevrilməsindən bəhs edir. Maneələrə baxmayaraq Nora status-kvonu, o dövrün köhnəlmiş baxışları ilə birlikdə aradan qaldıraraq qəhrəmana çevrilir.
Film İsveçrə almancasında ingilis subtitrlərlə nümayiş olunacaq.