MƏDƏNİYYƏT


İlahi ilə kəlmələşən şair- Vaqif Səmədoğlu

Bakı, 4 iyun, AZƏRTAC

Xalq şairi Vaqif Səmədoğlunun şeirlərinə böyük sevgilərlə həyatın söz şəkli deyərdim. Onun şeirlərini oxuyana elə gəlir ki, özünün dünənini, bu gününü oxuyur, hər oxuyan şeirlərdə özünü görür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın “İlahi ilə kəlmələşən şair” başlıqlı məqaləsində yer alıb.

Məqalədə deyilir: Vaqif Səmədoğlunun şeirlərində dərin psixologizmlər də var, insan xarakterinin şeirləşdirilmiş çalarları da. Bunlar sözün qüdrəti ilə olduqca məharətlə, ümumiləşdirilməklə təsvir edilir.

Xalq artisti Flora Kərimovanın ifasında “O gedən qatarın dalınca baxma” xəbərdarlığı bitib-tükənməyəcək həsrətin ilğımı təsirindədir. “Uzaq yaşıl ada” da belədi, yüzlərlə yüksək poetik dəyərə malik olan şeirlər də.

Şairin bütün şeirləri həm də düşüncələr üçündür:

Nə barım var, nə barxanam,

Haqq yükünü bağlamağa.

Tanrım, məni öldür yarı,

Yarı saxla ağlamağa,

-deyən Vaqif Səmədoğlunun “Günün baxtı”, “Uzaq yaşıl ada” və başqa şeirlər kitabı böyük maraqla oxunur.

Vaqif Səmədoğlunun dram əsərləri də ədəbi hadisə olub, ssenarisi əsasında çəkilən filmlər də (“Əjdaha başı”, “Bəxt üzüyü”).

İlahi ilə kəlmələşən şairin “Mən burdayam, ilahi!” şeirlər kitabı Azərbaycan ədəbiyyatı tarixində əbədiyyən oxunacaq kitablardandır.

Səməd Vurğunun yadigarı olan Vaqif Səmədoğlunun iyunun 5-də ad günüdür. Ad günün mübarək, ilahi ilə kəlmələşən şair!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.