ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu fəaliyyəti dövründə vacib məsələlərlə bağlı bütün işləri uğurla reallaşdırıb
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində noyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda rektor Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin ümumi fəaliyyətindən və gələcək perspektivlərindən danışıb.
Rektor qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının Sərəncamı ilə Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Aİİ-nin məqsəd və hədəflərindən danışan C.Məmmədov bildirib ki, fəaliyyətə başladığı qısa dövr ərzində institut ilk tədris ili üçün tələb olunan vacib məsələlər – strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılması ilə bağlı bütün işləri müəffəqiyyətlə həyata keçirib. Rektor institutun sənədlər toplusunun, kataloq, qəzet və jurnallarının hazırlandığını qeyd edərək, yaxın vaxtlarda onların nəşr olunacağını diqqətə çatdırıb. Bildirilib ki, qarşıda dayanan əsas hədəflərdən biri zəngin dünyagörüşə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malik vətənpərvər mütəxəssislərin hazırlanmasıdır. Dövlətçiliyimizin möhkəmləndirilməsində məqsəd və amalı sarsılmaz olan gənc nəslin formalaşdırılmasına töhfələr vermək institutun əsas vəzifələrindəndir.
Tədbirdə təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan və görülməsi vacib olan digər məsələlər müzakirə olunub.