REGİONLAR
İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub
Lənkəran, 5 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və bu ali təhsil müəssisəsinin bir qrup əməkdaşı cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitetdə təhsilin səviyyəsinin yüksəldilməsi, tədrisin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıb.
Natiq İbrahimov yeni yaradılan İlahiyyat İnstitutu ilə LDU arasında qarşılıqlı əlaqələrin hər iki tərəf üçün səmərəli olacağını bildirib.
Səmimi və işgüzar şəraitdə keçən söhbət zamanı bu ali təhsil müəssisələri arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov cənub bölgəsində yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetində gördüklərindən məmnun olduğunu qeyd edərək, LDU ilə İlahiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.
Görüşdə bu ali təhsil müəssisələri arasında müştərək fənlər üzrə müəllim mübadiləsinin formaları, İlahiyyat İnstitutu tələbələrinin LDU-da dərslərdə iştiraklarının təmin edilməsi, “Yay məktəbi” çərçivəsində ikitərəfli görüşlərin təşkilinin istiqamətləri müzakirə edilib.