ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutu: tələbələrin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunub
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qış imtahan sessiyası yekunlaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sessiya imtahan cədvəlinə uyğun olaraq yazılı, test üsulu və zəruri hallarda şifahi formada keçirilib. 2018-2019-cu tədris ilinin qış imtahan sessiyası Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Aİİ-nin rektoru Ceyhun Məmmədov əmr imzalayıb. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə institutda xüsusi komissiya yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilib.
Sessiya dövründə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə yaradılan operativ qərargaha daxil olan təklif və şikayətlər araşdırılıb, lazımi tədbirlər görülüb.
Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət və media nümayəndələrinin, valideynlərin imtahan prosesini izləmələri üçün lazımi şərait yaradılıb.