ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda BMT-nin Könüllülər Proqramının təqdimatı olub

Bakı, 15 mart, AZƏRTAC 

Martın 15-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) BMT-nin Könüllülər Proqramının Azərbaycan üzrə təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Proqramı” mövzusunda təqdimatı keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov çıxışında dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə institutda ardıcıl seminarlar, görüşlər, dəyirmi masalar təşkil olunduğunu vurğulayıb. Aİİ-də ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edən İ.Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin keçirilməsinin zəruriliyini bildirib.

Təqdimatda Kiyoun Kim “BMT-nin Könüllülər Proqramı” mövzusunda məruzə ilə çıxış edib. O, könüllülük fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. O bildirib ki, hər il minlərlə könüllünü səfərbər etməklə yanaşı, BMT-nin Könüllülər Proqramı könüllülərin işini təşviq edir, könüllülüyü inkişaf proqramının tərkib hissəsinə çevirmək üçün tərəfdaşlarla çalışır, sülh və inkişafa öz töhfəsini verir.

Təqdimat mərasimində proqramın fundamental prinsipləri, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi barədə ətraflı məlumat verilib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, sözügedən məsələlərlə bağlı tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.