ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda məruzə dinlənilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda növbəti seminar təşkil olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov institutda maarifləndirmə işinə xüsusi önəm verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini diqqətə çatdırıb. O, tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda keçirdiyi seminarların əhəmiyyətini vurğulayıb.

Sonra Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda məruzəsi dinlənilib. M.Yaqub məruzəsində din, hüquq, əxlaq anlayışlarını ayrı-ayrılıqda izah edib, bu üç mühüm sahənin qaynağı və məqsədi barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, dinin qaynağı Tanrı, hüququn əsası dövlət, əxlaqın əsası isə insanın özü və vicdanıdır. Dinin qayəsi insanları Tanrıya yaxınlaşdırmaq, hüququn məqsədi ictimai asayişi təmin etmək, əxlaqın hədəfi isə insanın davranışlarını tənzimləməkdir. Dini əməllərə Tanrı, hüquqi qanunlara dövlət nəzarəti olsa da, əxlaqi qanunlara yalnız vicdan nəzarət edir. Daha mühüm bir əlamət isə əxlaqi işin qarşılıq gözləmədən yerinə yetirilməsidir.

Bu üç məfhumun konkret vahid bir sahədə cəm olduğunu söyləyən M.Yaqub müasir fəlsəfədə əxlaq və ədalət mövzusuna da toxunub, amerikalı filosof Maykl Sandelin bu barədə mülahizələrinə və tənqidlərinə istinad edib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.