ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Aİİ-nin rektoru Aqil Şirinov Müstəqillik Gününün önəmini vurğulayaraq, uzun illər Çar Rusiyasının əsarətində qalmış, məhrumiyyətlər içində yaşamış Azərbaycan xalqının, nəhayət, 1918-ci ildə qazandığı müstəqilliyinin çətinliklərlə başa gəldiyini vurğulayıb. Rektor deyib ki, həmin dövrdə və çətin şəraitdə Cümhuriyyətin elan olunması və dünyaya tanıdılması istiqamətində Azərbaycan ziyalıları, ideoloqları əllərindən gələni əsirgəməyərək, bu müqəddəs vəzifəni yerinə yetirməyi bacardılar.

A.Şirinov xalqımızın müstəqillik uğrunda mübarizə əzminin heç zaman tükənmədiyini, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi şücaətə bütün dünyanın şahid olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda xalqımızın göstərdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.

Rektor daha sonra ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanın inkişafı üçün bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Televiziyası “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Yaradanın adı ilə” sənədli televiziya filmi nümayiş olunub.

Filmdə Azərbaycan cəmiyyətində tolerantlığa, multikultural dəyərlərə verilən önəmdən bəhs edilir. Sənədli filmdə İslam dini xadimlərinin nümayəndələri ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Dini Qurumunun katibi Arximandrit Aleksi, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Katolik Kilsəsinin nümayəndəsi Toral Ağayev, Bakı Şəhər Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, dinşünas Nəriman Qasımoğlu və başqaları Azərbaycanda dini konfessiyalar üçün yaradılmış lazımi şəraitdən söz açıblar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, Razi Nurullayev və Qənirə Paşayeva gənc nəsil üçün Azərbaycan həqiqətlərini dünyaya nümayiş etdirməkdən ötrü bu istiqamətdə filmlərə ehtiyac olduğunu qeyd ediblər. Onlar xalqımızın milli-mənəvi dəyərlərinə, birgəyaşayış ənənələrinə diqqət çəkərək, əsrlər boyu bu mühitin qorunub saxlanılaraq dövrümüzə qədər gəlib çatdığını, müstəqil Azərbaycan Respublikasının bu ənənələrə sadiq qalaraq daha da inkişaf etdiyini vurğulayıblar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov belə filmlərin müxtəlif dillərdə çəkilərək dünya ölkələrində nümayişinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Televiziyası Analitik Qrupunun sədri, Əməkdar jurnalist Faiq Hüsüyev, “Yaradanın adı ilə” sənədli televiziya filminin rejissoru Elnurə Kazımova, ssenari müəllifi Afaq Vasifqızı Azərbaycan Televiziyasının çəkiliş qrupunun yalnız Bakıda deyil, Azərbaycanın bölgələrində də işlədiklərini bildiriblər. Qubada, Şamaxıda və Qəbələdə çəkiliş aparan yaradıcı heyət kilsələrdə, sinaqoq və məscidlərdə olub, din xadimləri ilə müsahibələr aparıb.

Filmdə Azərbaycandakı ən gözəl dini məbədlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.