ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Aİİ rektoru Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında qeyd edib ki, institut yarandığı gündən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətən sevgisinin və ona bağlılığın gücləndirilməsinə, tanınmış Azərbaycan mütəfəkkirlərinin həyat və yaradıcılığının öyrənilməsinə xüsusi önəm verir.

Bildirilib ki, “Nəsimi ili” çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda “İslam irfan ənənəsinin formalaşmasında İmadəddin Nəsiminin rolu” mövzusunda elmi konfrans, Milli-Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa, tələbələrdə mental və ali dəyərlərin təbliği məqsədilə İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş şeir, nəsr müsabiqəsi, həmçinin bir sıra digər tədbirlər təşkil ediləcək.

Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı ədibə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam, həmçinin ölkə rəhbərinin sözə, sənətkara, yaradıcılığa, ədəbiyyata və ümumilikdə, Azərbaycan mədəniyyətinə verdiyi misilsiz dəyərin ifadəsidir. Bu il dahi mütəfəkkirin 650 illik yubileyi qeyd olunur. Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikir tarixində dərin iz buraxmış mütəfəkkir-şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Qeyd edilməlidir ki, Nəsimi yaradıcılığının ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Dahi Azərbaycan mütəfəkkirinin 600 illiyinin UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya tanıdılması baxımından böyük rola malik olub. Həmin dövrdən etibarən, İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

İslam irfan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olan Nəsimi poeziyada fəlsəfi fikrin təməlini qoyanlardan biridir. Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan Nəsimi yaradıcılığında sufizm və multikultural mahiyyət xüsusi nəzərə çarpır. Mütəfəkkirin bədii yaradıcılığının tədqiqi Azərbaycan dilinin və şeirinin, ümumiyyətlə, irfan ədəbiyyatının tarixi inkişafının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.