ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda regional və beynəlxalq təhlükəsizlikdə din amili müzakirə olunub
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Trend İnformasiya Agentliyi Baş direktorunun müavini, agentliyin regional geosiyasət üzrə eksperti Arzu Nağıyev “Regional və beynəlxalq təhlükəsizlikdə din amili” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov institutun fəaliyyətə başladığı gündən təlim, tərbiyə, tədris işinin təşkili və həyata keçirilməsi ilə yanaşı, maarifləndirmə və təbliğat xarakterli tədbirlərə və görüşlərə xüsusi önəm verdiyini deyib. O, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, perspektivləri uğrunda çalışmaları, milli və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə müxtəlif tədbirlərin xüsusi rol oynadığını bildirib. Aqil Şirinov gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Arzu Nağıyev regional və beynəlxalq təhlükəsizlik siyasəti barədə məlumat verib. Azərbaycanın hazırda milli, regional və qlobal təhlükəsizlik baxımından çox mühüm işlər gördüyünü bildirib. Qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşadığına görə, həm erməni terrorizminin, həm də regional baxımdan sərhədlərimizdən çox da uzaqda olmayan ərazilərdə gedən silahlı münaqişələrin təsirindən irəli gələn təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir.
Seminarda Arzu Nağıyev tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.