ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda seminar: Azərbaycan həqiqətlərinin xaricdə təbliği
Bakı,13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Roma Sapienza” Universitetinin siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun “Azərbaycan həqiqətlərinin xaricdə təbliği” mövzusunda seminarı təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Emin Rüstəmov AİGA-nın fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmsədr təşkilatın fəaliyyətinə toxunaraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizin təbliği, Qarabağ həqiqətlərinin yerli və dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır.
Məruzəçi İtaliyada Azərbaycan diasporunun fəallığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Xaricdə təhsil alan gənclərimizin yaşadıqları ölkələrdə Azərbaycanı fəal təbliğ etmələrinin vacibliyini vurğulayıb.
“Hər bir Azərbaycan vətəndaşı xalqına və dövlətinə sadiq olmalıdır. Bu baxımdan, xaricdə təhsil alan tələbələrin də üzərinə böyük məsuliyyət düşür”, - deyə Emin Rüstəmov qeyd edib. O, seminar iştirakçılarını sosial şəbəkələrdə, gündəlik həyatda ölkəmizi layiqincə təbliğ etməyə, xarici dostlara Vətənimiz haqqında dolğun məlumat verməyə, dövlət əhəmiyyətli tədbirlərdə fəal olmağa çağırıb.
Seminar maraqlı müzakirələrlə davam edib.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, görüşlər təşkil edir.