ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda seminar: “Bəşəri inkişafda elm və təhsilin rolu”

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov institutda maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlərin təşkil edildiyini söyləyib. C.Məmmədov bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. Azərbaycanda ali məktəblərdə güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan C.Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. Rektor elm və təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin apardığı dövlət siyasətindən danışıb. O qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində inkişaf etdirilən bu sahə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də qayğı ilə əhatə olunub.

Sonra Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə elm və təhsildə düşüncə tərzi, tərəqqinin mexanizmi, insan inkişafının indeksi, keyfiyyət amili, təhsilin aktuallığı məsələlərinə toxunulub. Elm və təhsilin inkişaf etmiş ölkələrdə, ikinci və ya üçüncü dünya dövlətlərində fərqli təzahürlərinə diqqət cəlb edən professor tərəqqinin fəlsəfəsindən danışıb, texnologiyanın önəmini qeyd edib. Bildirilib ki, texnologiyanın inkişaf sürəti və ya tərəqqi elmdən asılıdır. Elmi inkişaf etdirən subyekt alimlərdir. Onlar inkişafın mərkəzində durur. Tərəqqini texnologiya ilə elmi vəhdətdə götürən alim vurğulayıb: “İqtisadiyyatın açarı texnikada, texnikanın açarı texnologiyada, texnologiyanın açarı elmdə, elmin açarı isə təhsildədir. Demək, təhsilimiz iqtisadiyyatımızın başqa müstəvi üzərində təzahürüdür. Hesab etmək olar ki, elm texnologiya və sənaye ilə bir qurumda cəmlənməlidir”.

Məruzədə, həmçinin təhsilimizin hazırkı vəziyyətindən də bəhs olunub. Qeyd edilib ki, son illər təhsilimizdə danılmaz uğurlar var və təhsil sistemi yeni və müasir məktəb şəbəkələri ilə əhatə olunub. Bu gün təhsil ocaqlarının 1990-cı və ya 2000-ci illərlə müqayisədə son dərəcədə inkişaf etdiyini bildirən məruzəçi məktəblərin informativ və kommunikativ texnologiya ilə təmin olunduğunu və bir çox ali təhsil müəssisələri rəhbərlərinin bu sahədə xüsusi əzmkarlıq göstərdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.