ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov İraqın paytaxtı Bağdad şəhərində “Beyt əl-Hikmə” Elm və Düşüncə Mərkəzi tərəfindən “İmam Əli ibn Əbu Talib (ə.s) iman, düşüncə və əməldir. Onun həyatından ilham alan islahatçı baxışlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İslam dininin görkəmli şəxsiyyətlərindən olan Həzrət Əli ibn Əbu Talibin (ə.s) elmi düşüncə tərzini, ictimai, siyasi, iqtisadi fəaliyyətini, təlim-tərbiyə metodunu, “Nəhcül-Bəlağə” əsəri üzərində aparılmış ədəbi, linqvistik, şərqşünaslıq və s. araşdırmaları əhatə edən konfransda Azərbaycan, Türkiyə, İran, Tunis, Bəhreyn, Küveyt, Almaniya və digər ölkələrin elm-təhsil müəssisələrindən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.
Konfransda dosent İlkin Əlimuradov “İmadəddin Nəsimi poeziyasında İmam Əlini (ə.s) mədh motivləri (ədəbi tədqiqatlar və azərbaycanlı şərqşünasların araşdırmaları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, alimlərimizin islam mədəniyyətinin formalaşmasında rolundan söz açıb. Azərbaycanın ədəbi və tarixi irsinin öyrənilməsində ərəb dilinin əhəmiyyətini qeyd edən İ.Əlimuradov ərəb ölkələri ilə mövcud olan tarixi, ədəbi, elmi və mədəni əlaqələrin genişliyi haqqında məlumat verib. O, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığından ətraflı bəhs edib, müvafiq şeir nümunələrinə istinadla, azərbaycanlı mütəfəkkirin İmam Əliyə (ə.s) həsr etdiyi mədhiyyələri ölkəmizin ədəbiyyatşünas və şərqşünas alimlərinin tədqiqatları əsasında şərh edib. Eyni zamanda xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.
Qeyd edək ki, Aİİ-nin kafedra müdirinin məqaləsi konfransa təqdim olunan 68 mövzu arasından seçilərək dərc olunmuş 24 məqalədən biridir.
İ.Əlimuradov, eyni zamanda, tədbir əsnasında konfrans iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun yaranması, səmərəli fəaliyyəti haqqında məlumat verib, onları Aİİ-nin nəşrləri ilə tanış edib.