ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunun prorektoru Beynəlxalq Forumda

Bakı, 21 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Bolqar İslam Akademiyası və Kazan Federal Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Rusiya müsəlmanlarının ilahiyyat mirası” adlı I Beynəlxalq Forumda iştirak edib.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, forumda Rusiya ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Yəmən, Malayziya başda olmaqla, dünyanın bir çox ölkəsinin dinşünas və şərqşünas alimləri iştirak ediblər.

İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov forum çərçivəsində keçirilən “İlahiyyat mirasında ənənələr və yenilənmə” mövzusunda konfransda “Musa Carullah Bigiyevin düşüncə sistemində “Təcdid” konsepsiyası” adlı məruzə ilə çıxış edib.

Məruzəçi İslam təcdid ənənəsinin qabaqcıl təmsilçilərindən olan tatar mütəfəkkir Musa Carullah Bigiyevin (1875-1949) dini mətnlərə və ilahiyyat elmlərinə baxışından, eləcə də onun İslam dünyasında mövcud problemlərlə əlaqəli təqdim etdiyi həll yollarından danışıb. Vurğulayıb ki, Bigiyevin İslama baxışında qabaqcıl düşüncələri ilə yanaşı, bəzi ziddiyyətli fikirləri də olub. Eyni zamanda, Bigiyev din elmlərinin yenidən Quran işığında gözdən keçirilməsi tərəfdarı idi. Mütəfəkkirin fikrincə, başda fiqh və kəlam olmaqla, ənənəvi İslam elmlərinin dəyişən həyat şərtləri ilə ayaqlaşa bilməsi üçün müsəlmanlar Quranın və müasir dövrün ictimai tələbləri kontekstində bu elmləri yenidən formalaşdırmalı, mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunmalı, beləliklə, dini təhsil dövrün tələblərinə uyğunlaşdırılmalıdır.

Aİİ-nin prorektoru Aqil Şirinov səfər çərçivəsində, həmçinin Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdraxmanov və Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Kamil Samiqullinlə görüşərək, Azərbaycan İlahiyyat İnstitutu ilə sözügedən müəssisələr arasında elmi əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.