ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun tələbələri Mərkəzi Elmi Kitabxananın fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın qeydiyyat bölməsindən ekskursiyaya başlayan tələbələr daha sonra ənənəvi və elektron kataloqla tanış olaraq burada kitab sifarişi, sənədlərin elektron kataloqa daxil edilməsi prosesini izləyiblər. Sonra onlar sərgi salonunda kitablarla tanış olublar.
Daha sonra tələbələrə MEK-in tarixi, fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib. Qeyd olunub ki, ölkəmizin qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanıb saxlanılması, dünya elmi, tarixi və mədəniyyətinin istifadəçilərinə təqdim olunması MEK-in əsas vəzifələrindəndir.
Tələbələr, həmçinin MEK-in diplomatik, nadir kitab və dövri mətbuat fondlarını, oxu zallarını gəziblər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin zənginləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılmasına marağın artırılması, kitabxanalardan fəal istifadəni təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.