ELM VƏ TƏHSİL
İlahiyyat fakültəsinin tələbələrinin Bursada “Yay məktəbi” davam edir
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, yay məktəbinin ikinci günü tələbələrə təfsir, pedaqogika, Qurani-Kərim fənləri keçirilib. Peşəkar mütəxəssislərin tədris etdiyi dərslər maraqla qarşılanıb. Müəllimlər tələbələrin suallarını cavablandırıblar.
Daha sonra tələbələr üçün Nilufer şəhərinin müftisi Mehmet Öztürkün təqdimatında seminar təşkil olunub. Müfti Türkiyədəki dini durum haqqında məlumat verib. O, Dağlıq Qarabağ məsələsinə toxunaraq, azərbaycanlıları özlərinə qardaş bildiklərini və hər zaman onların yanında olduqlarını vurğulayıb.
Mehmet Öztürk Türkiyədə imamların hansı qurum tərəfindən təyin edildiyi, ölkədə nə qədər məscidin mövcud olduğu barədə tələbələrin suallarını cavablandırıb. Bildirib ki, Türkiyədə müftilər və imamlar Diyanət İşləri Başqanlığı tərəfindən təyin edilir.
Qeyd edək ki, yay məktəbində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər.
Yay məktəbinin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi üçün vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından gənclərimizin burada iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Yay məktəbi müddətində tələbələrə ərəb dili, ingilis dili, Quran, təfsir, siyər, hədis, fiqh, pedaqogika, türk dili və ədəbiyyatı fənləri üzrə mühazirələr oxunur.
Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbində əsas məqsəd tələbələrin bilik və bacarıqlarını artırmaq, ümumi inkişafına töhfə verməkdir.