CƏMİYYƏT


İlahiyyatçı-alim: Zərərli vərdişlərə aludəçiliyin əsas səbəblərindən biri də mənəvi boşluqlardır

Bakı, 6 sentyabr, AZƏRTAC

Sağlam ümmət,

Sağlam cəmiyyət,

Sağlam nəsil naminə

Narkotiklərə yox deyək!

Son dövrlər narkomaniyaya qarşı aparılan mübarizənin intensivliyi, cəmiyyətin bu bəladan əziyyət çəkməsinin müşahidə edilməsi ayrı-ayrı qurumların, ictimai xadimlərin, vətəndaşların, həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin ictimaiyyətə müraciətlərindən sonra narkotik maddələrdən asılılıq, eləcə də digər pis vərdişlərlə mübarizəni daha da artırmağımızı zəruri edir. QMİ və onun təmsilçiləri olan din xadimlərimiz bu təhlükəni görüb ona qarşı daim mübarizə aparıblar. Qarşımızda duran məsələ bu həssas məqamda mütəmadi gördüyümüz işi daha da sürətləndirməkdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində ilahiyyatçı-alim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Samid Quliyev deyib. Onun sözlərinə görə, narkomaniya və narkotik maddələrdən asılılıq müasir dünyamızda qlobal problem kimi qalmaqdadır. Dünyanın bir sıra nüfuzlu təşkilatları narkomaniya ilə mübarizə aparsa da, məsələnin tam həlli yolu tapılmayıb, narkotiklərə və zərərli vərdişlərə aludəçilik daha da cavanlaşıb. Təəssüf ki, ölkəmizdə də bu bəladan əziyyət çəkənlərin sayı az deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılmaqdadır.

Dinimizə görə, zərərli vərdişlərdən sayılan spirtli içkilər, narkotik və psixotrop vasitələrdən istifadə haram və günah sayılır. Beynəlxalq təşkilatların belə aciz qaldığı narkomaniyanın aradan qaldırılmasında insanların əqidəsi, dinə bağlılığı, inancı və imanı böyük rol oynayır. Çünki zərərli vərdişlərə aludəçiliyin bir çox səbəbləri olsa da, əksər hallarda bu öldürücü vərdişlərə qurşanmağa məhz mənəvi boşluqlar səbəb olur. Belə ki, insanın özünə və ətrafına inamsızlığı, onun çətinliklər qarşısında səbirsizliyi mənəvi dəyərlərdən xəbərsizliyindən baş verir. Bu baxımdan cəmiyyətin bütün ziyalı təbəqələri, dövlət qurumları kimi din xadimləri də daim moizələrində bu məsələni diqqətdə saxlamalı, narkotik maddələrin törətdiyi bəlalardan və törədə biləcəyi fəsadlardan danışmalıdırlar. Çünki dinin və bütün səmavi kitabların günah, yaxud zərərli hesab etdiyi narkotik maddələrdən uzaq durmağa nail olan hər bir şəxs öz mənəvi tərəfini ibadət ocaqlarında, Allah evlərində formalaşdıraraq kamilləşdirə bilər.

“əl-Əraf” surəsinin 157-ci ayəsində oxuyuruq: “...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” Mübarək ayədən də göründüyü kimi, ilahi elçilər daim insanları yaxşılıqlara dəvət edərək pisliklərdən çəkindirmiş və bu yolla onları həyatda üzləşə biləcəkləri ağırlıq və çətinliklərdən uzaqlaşdıraraq nicata çatdırıblar.

“əl-Maidə” surəsinin 90-cı ayəsində isə bu barədə belə buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”

Ayeyi-şərifədə keçən “xamr” sözü dilimizə “sərxoşedici”, “ağlı başdan aparan”, “uyuşdurucu” kimi tərcümə olunur. Ərəb ədəbiyyatında qadınların baş örtüyü olan yaylıq də ximar adlanır. Deməli, ağlı aradan aparan, insan əqlini müvəqqəti qapayan bütün şeylər çirkin əməllərdəndir və bu əməllərdən çəkinmək lazımdır.

İslam peyğəmbəri də (s) hədislərində bu cür əməlləri pisləmiş, insanların zərərli vərdişlərdən uzaq durmaların vacibliyini bildirmişdir. Bu qəbildən olan hədislərin bir neçəsinə nəzər salaq:

“Bütün məstedicilər haramdır” ,“Bir şeyin ki, çoxu əqli aradan aparır, onun azı da haramdır”, (Sünəni-Nisai)

Yuxarıda qeyd olunan ayə və hədislərdən də aydın olur ki, narkotik vasitələr və zərərli vərdişlər bir mənalı olaraq dinimizə görə haramdır. Bu cür işlər insanın dünya və axirətini puç edir, onu uçuruma aparır.

Biz dindarlar da cəmiyyətin bütün təbəqələri kimi, bu cür bəlalara qarşı birləşib ictimai qınağa nail olmalıyıq. Çünki hər bir ölkənin gələcəyi orada böyüyən gənclərin əlindədir. Gənclərimiz sağlam olarsa, gələcəyimiz daha da parlaq olacaqdır. Vətən müharibəsində biz bunun əyani şahidi olduq ki, Vətəninə, torpağına bağlı olan neçə-neçə igid övladlarımız heç bir tərəddüd etmədən özlərini yaşadıqları torpaqlar uğrunda fəda etdilər. Onların hər biri sağlam düşüncə sahibi olmaqla yanaşı bu cür zərərli vərdişlərdən uzaq idilər. Daha yaxşı olar ki, biz dindarlar da gənclərimizi elmə, daha çox kitab oxumağa, sağlamlıqları üçün daha önəmli olan vərdişlərə, idman və bu kimi işlərə təşviq edək. Bunun üçün məktəblilər və gənclərimiz arasında “Sağlam həyat yaşayaq!” və “Narkotiklərə və zərərli vərdişlərə birlikdə yox deyək!” devizi altında bir sıra bilik və idman yarışları keçirək.

Din xadimlərimiz məscidlərdəki moizə və xütbələrində, müasir dövrün tələbi olan sosial media hesablarındakı paylaşımlarında, KİV-dəki söhbətlər zamanı gələcək sağlam nəsil naminə pis vərdişlərə, xüsusən narkotik maddə aludəçiliyinə qarşı təbliğatı gücləndirməli, genişləndirməlidirlər. Xalqımızın, onun gələcək nəslinin məhv edilməsinin qarşısının alınması naminə aparılacaq təbliğat işi haqq işidir. Allahın əmri olan bu haqq isə din xadimlərinin dəstəyi, bu işdə fəal olmaları Yaradanın köməkliyi ilə müsbət nəticələr verəcəkdir. Gənc nəslin qorunması, valideynlərin gözü yaşlı qalmamalarının qarşısı müəyyən mənada alınacaqdır. Bu məsələlərdə valideynlərin də üzərinə böyük iş düşür. Fikrimi böyüklərin kəlamlarının biri ilə tamamlamaq istəyirəm. “Bu gün övladlarınızın ayağına dəyən daşı ya bir zaman siz atmısınız, ya da görüb götürməmisiniz”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.