CƏMİYYƏT
İlan sancmasından ölüm halı qeydə alınmayıb [YENİLƏNİB]
Bakı, 8 iyun, AZƏRTAC
Son iki ayda ilan sancmasından ölüm faktı qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlər üçün təşkil olunan mətbuat konfransında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
A.Maqsudov bildirib ki, son iki ay ərzində ilan sancması ilə bağlı 24 müraciət daxil olub. İlansancma halları Bakıətrafı kəndlərdə, habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz, cənub və aran rayonlarında qeydə alınıb. Bakıda əsasən daş karxanalarında işləyən şəxslər ilan sancmalarına məruz qalır. Müraciət edənlərdən 4 nəfərin vəziyyəti ağır olub. Müayinədən sonra onların vəziyyəti yaxşılaşıb. İlan sancmasından ölüm qeydə alınmayıb. Son aylarda əqrəb və qaraqurd sancmaları diaqnozu ilə şöbəyə iki xəstə daxil olub. Şöbə müdiri vurğulayıb ki, tibb müəssisələri ilan zəhərinə qarşı zərdabla tam təmin olunub.
Tədbirdə bildirilib ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə ötən il 2462 xəstə qəbul olunub. Xəstələr arasında qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1030 nəfər təşkil edib. Daxil olan xəstələrin əsas qrupu “dərman zəhərlənməsi” diaqnozu ilə qəbul edilənlərdir. Onların sayı 823 nəfər olub. “Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr” diaqnozu ilə daxil olan xəstələrin sayı 502 nəfər, “yandırıcı məhlullardan zəhərlənmə” diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər təşkil edib. Daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar. Xəstəxanaya qəbul edilmiş 15 yaşına kimi uşaqların sayı 419 nəfər olub”.
A.Maqsudov qeyd edib ki, 1982-ci ildən fəaliyyət göstərən şöbənin əsas vəzifələri kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası, aktiv detoksikasiya üsulları tələb edən, endogen intoksikasiyalı xəstələrin müalicəsi, şəhərin və respublikanın müalicə-profilaktika müəssisələrinə mütəxəssis məsləhətlərinin verilməsi və operativ kömək göstərməkdən ibarətdir. Eyni zamanda, şöbənin həkimləri dəfələrlə xarici ölkələrdə keçirilən elmi konfranslarda və seminarlarda iştirak ediblər. Ötən il Binəqədi rayonunda baş vermiş yanğın nəticəsində zərərçəkənlərə göstərdikləri yüksək peşəkar tibbi yardıma görə toksikologiya şöbəsinin kollektivi Səhiyyə Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.
Tədbirdə, həmçinin mövsümlə əlaqədar daha çox hansı məhsullardan zəhərlənmələrin qeydə alındığı, qida zəhərlənmələrinin ilkin əlamətləri haqqında mətbuat nümayəndələrinə məlumat verilib.