REGİONLAR
İldırım Məsimov: Hər kəs Böyük Qələbə gününü səbirsizliklə gözləyir
İsmayıllı, 28 oktyabr, A.Ağayev, AZƏRTAC
İşğalçı Ermənistan ordusu Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətməkdə davam edir. Respublikamızın cəbhədən kənardakı yaşayış məntəqələrinə nəinki top, qadağan olunan raketlərlə də zərbələr endirir. Ötən gün törədilən Bərdə qətliamı hər kəsi, o cümlədən azsaylı xalq kimi biz haputluları da hiddətləndirib. Bəli, cinayət cəzasız qalmamalıdır. Düşmən öz layiqli cəzasını almalıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə İsmayıllı rayonunda milli etnik qruplardan olan haputluların yaşadığı Mollaisaqlı kənd sakini İldırım Məsimov söyləyib.
Ermənilərin tarixən evində oturub çörəyini yediyi Azərbaycan xalqına qarşı xəyanət etdiklərini, otuz ildən bəri Dağlıq Qarabağda və ətraf yeddi rayonda qırğınlar törədərək insanları yurd-yuvalarından qovduqlarını və o torpaqları işğal etdiklərini deyən İldırım kişi, bunun sadəcə insanlıqla bir araya sığmayan vəhşilik olduğunu vurğulayıb: “Artıq zaman dəyişib. Ölkəmiz güclü iqtisadi, hərbi qüdrətə malikdir. Azərbaycan Silahlı Qüvvələri Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edir, erməni qəsbkarlarından təmizləyir. İllərlə gözlədiyimiz gün - ermənilərin torpaqlarımızdan tamamilə qovulacağı, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə ucalacağı gün yaxınlaşır”.
Bu gün Silahlı Qüvvələrimizin sıralarında Mollaisaqlı kəndindən 20 nəfərədək haputlu gəncin də döyüşdüyünün vurğulayan İldırım Məsimov hər kəsin Böyük Qələbə gününü səbirsizliklə gözlədiyini bildirib.